Kişi sonsuzluğuna qarşı əsaslı təcrübə aparılıb. Dünyada ilk dəfə 20 yaşlarında olan gəncə sperma istehsal edən kök hüceyrə transplantasiyası həyata keçirilib.
E-saglam.az xəbər verir ki, bu əsaslı sınaq uşaqlıqda kimyaterapiya nəticəsində sperma istehsalını itirmiş kişilərdə məhsuldarlığı bərpa etməyə kömək edə bilər.
Xəstə kimyaterapiyadan əvvəl dondurulmuş öz xaya kök hüceyrələrindən istifadə edərək müalicə alıb. Bu hüceyrələr xayalarda sperma əmələ gətirən xüsusi bir kök hüceyrə növüdür. Hələlik boşalmada sperma olmasa da, hormon səviyyələri normaldır və xayalarda heç bir zədə yoxdur.
Mütəxəssislərin fikrincə, bu üsul xüsusilə erkən yaşda kimyaterapiya almış və ya xaya çatışmazlığı olan kişilər üçün inqilabi ola bilər. Bununla belə, prosedur hələ də eksperimentaldır və müəyyən risklər daşıyır. Kök hüceyrələrdə genetik mutasiya ehtimalı və ya bədəndə arzuolunmaz immun reaksiyalar kimi nəzəri risklər üzərində araşdırmalar davam edir.
Müalicə müvəffəqiyyətli olarsa, kişi sonsuzluğuna yeni və fərdiləşdirilmiş bir həll ortaya çıxa bilər. Tədqiqatçılar ümid edirlər ki, bu üsul gələcək illərdə məhsuldarlıq müalicələrinin təməl daşı ola bilər.
Tərcümə: Könül Oruc