Şirvan Şəhər Mərkəzi Xəstəxanasının (ŞMX) nəzdində fəaliyyət göstərən Şirvan Ürək Mərkəzində ilk dəfə koronar damar daxili təzyiqin ölçülməsi (FFR) əməliyyatı və 100-cü angioqrafiya əməliyyatı həyata keçirilib.
Bu barədə E-saglam.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 1955-ci il təvəllüdlü Sabirabad rayon Navadan kənd sakini üzərində aparılan koronar damar daxili təzyiqin ölçülməsi (FFR) əməliyyatı uğurla baş tutub. Hazırda pasiyentin vəziyyəti tam stabildir.
Həm əməliyyat, həm də 100-cü angioqrafiya əməliyyatı invaziv-kardioloq Nicat İbrahimov tərəfindən həyata keçirilib. O, “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində dövlət tibb müəssisələrində işə cəlb olunan xarici ölkədə çalışmış həkimlərdəndir.
Qeyd edək ki, Şirvan Regional Ürək Mərkəzi 2023-cü ilin oktyabrından fəaliyyətə başlayıb. Müasir avadanlıqlar, dərman və dərman vasitələri ilə təchiz olunan mərkəz 5 rayon, bir şəhər – Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Salyan, Saatlı, Neftçala üzrə kardioloji xəstələrə xidmət göstərir.
Şirvan Ürək Mərkəzində vətəndaşlara təqdim olunan xidmətlər icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində göstərilir.