E-saglam.az xəbər verir ki, RSV körpələrdə pnevmoniya və bronxiolitin əsas səbəblərindən biridir. Körpələrin 80 faizində 1 yaşa qədər bu virusa rast gəlinir.
Prof. Kepenekli vurğulayıb ki, RSV simptomları – burun axması, öskürək, qızdırma, nəfəs darlığı – qrip və Covid-19 ilə oxşar olduğu üçün tez-tez qarışdırılır. Xüsusilə erkən yaşda ağır keçən RSV infeksiyası gələcəkdə xroniki ağciyər xəstəlikləri və astma riskini artırır.
Virus yüksək yoluxuculuğa malikdir və əsasən qış aylarında yayılır. Öpüşmə, ortaq əşya istifadəsi və əllə təmas yolu ilə asanlıqla ötürülür. Ona görə də gigiyena və təmasdan çəkinmək vacibdir.
Hal-hazırda bəzi ölkələrdə RSV-yə qarşı peyvənd və qoruyucu antikorlar istifadə olunur. Prof. Kepenekli bildirib ki, infeksiya bir dəfə keçirilsə belə, immunitet uzunmüddətli olmur və təkrarlana bilər. Bu səbəbdən valideynlər arasında maarifləndirmə gücləndirilməlidir.
Tərcümə: Könül Oruc