Qan şəkərinin səviyyəsi ilə səsin yüksəkliyi arasında güclü əlaqə tapılıb. Tapıntılar insanın sadəcə səsinə baxaraq şəkər xəstəliyinin olub-olmadığını müəyyən etməyə kömək edə bilər.
E-saglam.az xəbər verir ki, 2-ci tip diabetdə insulin ya az miqdarda istehsal olunur, ya da ümumiyyətlə istehsal olunmur. Bu vəziyyət qan şəkəri səviyyələrində balanssızlığa səbəb olsa da, erkən diaqnoz ciddi problemlərin yaranmasının qarşısını almaq üçün böyük əhəmiyyət daşıyır.
Elm adamları səs tellərinin gərginliyi, kütləsi və uzunluğunun qandakı qlükoza səviyyəsindən təsirləndiyini düşünərək, səsin qan şəkəri səviyyəsi haqqında fikir verə biləcəyini proqnozlaşdırıblar.
Bu nəzəriyyəni sınaqdan keçirmək istəyən tədqiqatçılar 505 nəfərlə araşdırma aparıblar. İştirakçılardan 242-si diabet xəstəsi deyil, 89-da prediabet, yəni latent diabet, 174-də isə 2-ci tip diabet diaqnozu qoyulub.
İki həftə səslərini qeyd etdilər
İştirakçılar davamlı olaraq qan şəkərinin səviyyəsini ölçən cihazla təchiz ediliblər. Daha sonra iki həftə ərzində gündə 6 dəfə sakit bir mühitdə danışaraq səslərini qeyd etmələri istənilib.
Söhbət zamanı səsin təbii tezliyini tutmaq üçün iştirakçılar hər dəfə "Salam, necəsən? Hazırda qlükoza səviyyəm nədir?" Cümləsini işlədiblər.
İki həftədən sonra elm adamları səs yazılarını ən son qeydə alınan qlükoza səviyyələri ilə uyğunlaşdıraraq təhlil ediblər.
Nəticələrini elmi araşdırma jurnalında dərc edən tədqiqatçılar, qan şəkərinin səviyyəsinin artması ilə səsin əsas tezliyinin artdığını aşkar etdilər.
Əsas tezlik və ya F0 səsin ən fərqli komponentidir və eşidilən səsin hündürlüyünün əsasını təşkil edir.
Onlar qan şəkəri səviyyələrini səs telləri əsasında ölçdülər
Məqalənin aparıcı müəllifi Jaycee Kaufman təqiqatı belə qiymətləndirir:
"Tədqiqatımız qlükoza səviyyələri ilə əsas tezlik arasında əhəmiyyətli bir müsbət korrelyasiya yaradır və qlükoza səviyyələrini proqnozlaşdırmaq və izləmək üçün səsin istifadəsi ilə bağlı gələcək tədqiqatlar üçün cəlbedici əsas verir."
Alimlər əlavə edirlər ki, səsin yüksəkliyinə görə qan şəkərinin səviyyəsini ölçmək də mövcud üsullardan fərqli olaraq bədənə nüfuz etməyi tələb etmir.
Digər tərəfdən, səsin əhval-ruhiyyə və allergiya kimi müxtəlif amillərdən təsirləndiyini də qeyd edirlər. Buna görə də, 2-ci tip diabetin diaqnozunda bu metoddan istifadə etmək üçün daha çox tədqiqata ehtiyac var.
Tərcümə: Könül Oruc