Sağlamlıq
Serial asılılığı tənhalıq hissini
Sağlamlıq
10

Serial asılılığı tənhalıq hissini gücləndirə bilər

Yeni bir araşdırma göstərir ki, serialları həddindən artıq izləmək təkcə vərdiş deyil, bəzən tənhalıqdan qaçış formasına çevrilir.

E-saglam.az-ın məlumatına görə, "PLOS One" jurnalında dərc olunan tədqiqatda “artıq izləmə asılılığı” ilə tənhalıq arasında birbaşa əlaqə aşkar edilib.

Çinin Huangshan Universitetinin alimləri Xiaofan Yue və Xin Cui 551 yetkin insanın cavablarını təhlil ediblər. İştirakçılar gündə ən azı 3,5 saat və həftədə dörddən çox serial izləyən şəxslər olub. Onlardan 334 nəfəri asılılıq meyarlarına uyğun gəlib və bu qrupda tənhalıq hissinin daha güclü olduğu müəyyən edilib.

Maraqlıdır ki, çox serial izləyən, amma asılılıq səviyyəsinə çatmayan insanlarda bu əlaqə müşahidə olunmayıb. Bu isə göstərir ki, problem serial izləmək deyil, onun asılılığa çevrilməsidir.

Tədqiqatçılar bildirir ki, tənhalıq yaşayan insanlar seriallara iki əsas səbəblə yönəlir: reallıqdan qaçmaq və emosional rahatlıq tapmaq. Yəni həm mənfi hisslərdən uzaqlaşmaq, həm də özünü daha yaxşı hiss etmək üçün ekran qarşısında vaxt keçirirlər.

Ümumdünya Səhiyyə Təşkilatına görə, tənhalıq dünya üzrə insanların təxminən 16 faizinə təsir edir və ürək xəstəlikləri, 2-ci tip diabet, depressiya və narahatlıq riskini artırır.

Araşdırmanın müəllifləri vurğulayır ki, bu tədqiqat səbəb-nəticə əlaqəsini yox, sadəcə əlaqəni göstərir. Yəni tənhalıq serial asılılığını yaradırmı, yoxsa əksinə, bunu dəqiq demək üçün əlavə araşdırmalar lazımdır.

Buna baxmayaraq, nəticələr göstərir ki, həddindən artıq serial izləmək bəzən sosial təcridlə mübarizənin bir yolu kimi ortaya çıxır və tənhalığın azaldılması bu cür asılı davranışların qarşısını almaqda mühüm rol oynaya bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun