Yandex watch
Səhiyyə Nazirliyinin vəzifəli şəxsi

Qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət almaqda şübhəli bilinən vəzifəli şəxslər ifşa edilib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.

Bildirilib ki, əhalinin sağlamlığının qorunması və tibbi yardımın göstərilməsi sahəsində qanunsuz halların qarşısının alınması, habelə aşkar edilmiş belə faktlara qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səhiyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.

Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Rüstəmova Səidə Nurəddin qızının qabaqcadan əlbir olduğu əvvəllər həmin Nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Cabbarova Lətafət Kərim qızı və korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olma hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə bir sıra vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən sübutlar əldə edilərək götürülüb.

Həmin faktlarla bağlı Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvət alma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Toplanmış sübutlar əsasında Səidə Rüstəmova və Lətafət Cabbarovaya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qanunsuz əməllərin törədilməsində iştirak edən digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcəkdir.

E-saglam.az