“Azərbaycanlı mütəxəssislərin xaricdən dəvət olunan tibb heyətindən öyrəndikləri təcrübənin nəticəsini ölkədə koronavirus infeksiyasından ölüm saylarının aşağı düşməsində və xəstəxana daxilində xəstəxanaya qəbul olunan koronaviruslu insanların müalicəsinin effektliyinin yüksəlməsində müşahidə etdik”.
E-saglam.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.
Onun sözlərinə görə, pandemik dalğalar mövcuddur və həmin dalğalar müxtəlif tezliklərlə ayrı-ayrı ölkələrdə qeydə alınır: “Bu da imkan verir ki, həmin dalğaları erkən olaraq öncədən yaşamış ölkələrin tibbi heyəti öz biliklərini digər ölkələrdəki əməkdaşları ilə paylaşsınlar. Nəticədə ümumbəşəri səviyyədə həmin xəstəliyin idarəetməsində böyük irəliləyiş olur”.
O qeyd edib ki, hazırda bu xəstəliyin yeganə effektiv idarəetmə üsulu vaksinasiyadır: “Azərbaycan vətəndaşları digər ölkələrin vətəndaşlarından fərqli olaraq vaksin seçimi imkanı əldə ediblər. Bu günə ümumi əhalinin 60 %-dən çoxu artıq vaksinasiyaya cəlb olunub. Bu da bizə imkan verir ki, istənilən halda gələcəkdə vaksinasiyanın uğurlu nəticələrinə əsaslanaraq ölkədə koronavirus infeksiyasının yayılmasını tam nəzarətə alınmasını düşünə bilərik”.