Tibbi xəbərlər
Səhər üzünüzdə şişkinlik varsa, böyrəkləriniz
Tibbi xəbərlər
20

Səhər üzünüzdə şişkinlik varsa, böyrəkləriniz siqnal verə bilər

Ödem müxtəlif xəstəliklərin əlaməti ola bilər və onun hansı səbəbdən yarandığını düzgün ayırd etmək vacibdir.

E-saglam.az xəbər verir ki, ümumi praktikant həkim Natalya Zaruçaeva böyrək mənşəli şişkinliyin hansı xüsusiyyətlərlə seçildiyini izah edib.

Həkimin sözlərinə görə, böyrək ödemi adətən üzdə, xüsusilə də göz qapaqlarında yaranır və daha çox səhər saatlarında nəzərə çarpır. Bu tip şişkinliklər boş, solğun və toxunuşa nisbətən isti olur. Həmçinin bədənin vəziyyəti dəyişdikdə ödemin yeri də dəyişə bilər.

Mütəxəssis bildirir ki, bunun əsas səbəbi böyrəklərin natrium və suyu lazımi şəkildə xaric edə bilməməsi və ya damarlarda mayeni saxlayan zülalın itirilməsidir.

Zaruçaeva vurğulayıb ki, hər ödem böyrək xəstəliyi demək deyil. Məsələn, ürək mənşəli ödem adətən axşam saatlarında yaranır, sıx və soyuq olur, topuqlardan başlayaraq yuxarıya doğru yayılır. Varikozla bağlı şişkinliklər isə çox vaxt bir ayaqda və asimmetrik şəkildə müşahidə olunur.

Endokrin səbəblərlə, xüsusilə hipotiroidizm zamanı yaranan ödem isə selikli quruluşda olur və barmaqla basıldıqda çökəklik qoymur.

Həkim həmçinin böyrək problemlərinə işarə edə biləcək digər əlamətləri də sadalayıb. Bunlara səbəbsiz gecə tərləməsi, səpgisiz qaşınma, nəfəs darlığı, qan təzyiqində dəyişikliklər, narahat ayaqlar sindromu, solğunluq və daimi yorğunluq daxildir. Bu əlamətlər müşahidə olunarsa, mütləq həkimə müraciət etmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun