Sağlamlıq haqqında arayış elektron formada olacaq
Sağlamlıq haqqında arayış elektron formada olacaq

"TƏBİB-in tabeliyində olan bütün tibb müəssisələrində elektronlaşma və informasiya texnologiyalarının tətbiqi uğurla həyata keçirilir. Müraciət olunan tibbi xidmətlər arasında ambulator tibbi xidmətlər üzrə müraciətlər üstünlük təşkil edir ki, onların da kifayət qədər hissəsi tibbi arayışların əldə edilməsi ilə bağlı müraciətlərdir".

E-saglam.az xəbər verir ki, bu sözləri “Elektron tibbi arayış” xidmətinin təqdimatı mərasimində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib. 

Onun sözlərinə görə, bu gün ən çox müraciət olunan arayışlar - işə qəbul zamanı, təhsil müəssisələrinə daxil olanlar üçün sağlamlıq haqqında tibbi arayışlar və sürücülük vəsiqəsi əldə etmək üçün sürücülüyə yararlı olmaq haqqında tibbi arayışlardır: "Ötən ilin statistikasına nəzər salaq, tabeli tibb müəssisələrimizdə 28 min 893 nəfərə “Ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün”, 4 min 404 vətəndaşa isə “Sürücülüyə yararlı olmaq barədə” tibb arayış təqdim olunub". 

V.Qurbanov qeyd edib ki, beynəlxalq təcrübə göstərir ki, arayışların əldə edilməsi üçün tələb olunan tibbi xidmətlər tibbi göstəriş əsasında olmadığı və profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil edilmir. Bu baxımdan, sürücülük vəsiqəsi əldə etmək üçün arayış, sağlamlıq haqqında tibbi arayışlar, obliqat qrupların peşə ilə bağlı xəstəliyini müəyyən etmək üçün tibbi müayinələrdən keçmə ilə bağlı arayışlar və s. ödənişli əsasla icra edilir:

"May ayının 1-dən etibarən Sağlamlıq haqqında arayış və Sürücülüyə yararlı olmaq barədə tibbi arayışları elektron formada tibb müəssisələrində rahat və operativ şəkildə əldə etmək mümkün olacaq. Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki poliklinikalarda, Bakı şəhərindəki 14 tibb müəssisəsində və 56 rayon mərkəzi xəstəxanasında elektron arayışları almaq üçün zəruri infrastruktur yaradılıb, resurslar formalaşdırılıb, aidiyyəti üzrə personal təlimlərə cəlb olunub,  prosesə adaptasiya mərhələsi uğurla başa çatdırılıb və vətəndaşların xidmətinə təqdim olunmuşdur".

Direktor qeyd edib ki, İcbari tibbi sığorta sosial yönümlü layihə olduğundan 18 yaşa qədər uşaqların, hərbi xidmətə çağırılanların, xüsusi müəssisələrdə (məntəqə tipli cəzaçəkmə müəssisələrində) yaşayan şəxslərin sağlamlığı haqqında arayışlar, habelə övladlığa götürmə və himayədar ailə (himayədar valideyn) olma zamanı tələb olunan arayışlar icbari tibbi sığorta təminatına daxil edilməklə vətəndaşlara ödənişsiz əsaslarla təqdim edilir:

"Habelə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi hissə və orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, Vətən müharibəsi zamanı şəhid olmuş şəxslərin birinci dərəcəli ailə üzvləri üçün bütün tibbi arayışlar ödənişsiz əsaslarla təmin edilir. 

Sağlamlıq haqqında arayışların verilməsi üçün bir çox ixtisaslı həkim müayinələrindən, laborator-instrumental müayinə və analizlərdən keçmək vacibdir. Bu baxımdan da arayışlar üçün tariflər müəyyən olunarkən tibbi xidmətlərin maya dəyəri, ixtisaslı həkim baxışı, instrumental-laborator müayinələrin həcmi nəzərə alınıb. 

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq, sağlamlıq haqqında arayışın rüsumu şəffaflığın artırılması, maliyyə intizamının gücləndirilməsi məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması tədbirləri çərçivəsində ödəniş terminalları vasitəsilə həyata keçirilir.

Qeyd edim ki, hər bir tibb müəssisəsində ödəniş terminalları quraşdırılıb, ödənişlər terminallar vasitəsilə rahat formada həyata keçirilir".

V.Qurbanov bildirib ki, vətəndaşlarımızın xidmət almasını daha da əlçatan etmək üçün ən çox tələbat olan arayış növlərini elektronlaşdırılıb: "May ayının 1-dən etibarən Sağlamlıq haqqında arayış və Sürücülüyə yararlı olmaq barədə tibbi arayışları elektron formada tibb müəssisələrində rahat və operativ şəkildə əldə etmək mümkün olacaq. Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki poliklinikalarda, Bakı şəhərindəki 14 tibb müəssisəsində və 56 rayon mərkəzi xəstəxanasında elektron arayışları almaq üçün zəruri infrastruktur yaradılıb, resurslar formalaşdırılıb, aidiyyəti üzrə personal təlimlərə cəlb olunub,  prosesə adaptasiya mərhələsi uğurla başa çatdırılıb və vətəndaşların xidmətinə təqdim olunub". 

Könül Oruc

E-saglam.az