Tibbi xəbərlər
Respirator virus infeksiyalarından necə qorunmalı? - Həkim açıqlayır
Tibbi xəbərlər
139

Respirator virus infeksiyalarından necə qorunmalı? - Həkim açıqlayır

Respirator virus infeksiyalarından necə qorunmalı?

Nəfəsvermə, asqırma və danışıq zamanı əsasən tənəffüs yollarının yuxarı şöbələrində - ağzın, burnun, burun-udlağın selikli qişalarında lokalizə edən törədicilər ifraz olunur.

Tənəffüs yolları xəstəlikləri sırasına qrip, kəskin respirator infeksiya, qızılca, göyöskürək, suçiçəyi, difteriya, skarlatina, məxmərək aiddir. Bu infeksiyalar həmçinin aerogen, aspirasion, aerozol, damcı infeksiyası da adlandırılır.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 3 nömrəli Şəhər Poliklinikasının həkim-terapevti Səbinə Əlizadə bu barədə E-saglam.az-a danışıb:

“Xəstəlik özünü qızdırma, burun axması, baş və boğaz ağrıları, yorğunluq, quru öskürək kimi simptomlarla büruzə verir və simptomatik müalicə olunur. Qripin ən kiçik əlaməti hiss olunanda belə maska taxılmalıdır. Yüksək temperatur 5-7 gündən çox davam edərsə, həmçinin hərarətsalıcı dərmanlara tabe olmadıqda kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edilərsə, oksigen saturasiyasının, arterial təyziqin aşağı düşməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması davam edərsə, mütləq həkimə müraciət olunmalıdır”.

Suçiçəyi törədicisinin III tip herpes viruslar olduğunu deyən həkim-terapevt vurğulayır ki, virusla təmasda olan şəxslər dərhal xəstəliyə yoluxur:

“Gizli dövr (10-21 gün) keçdikdən sonra ümumi əlamətlər özünü büruzə verir. İlkin olaraq, qızdırma, narahatlıq, iştahın və yuxunun pozulması kimi əlamətlər olur. 2-4 gündən sonra üzdə, başın tüklü hissəsində, gövdə və ətraflarda qaşınan səpkilər əmələ qəlir. Axırıncı səpkidən 5 gün sonra isə xəstənin yoluxuculuq qabiliyyəti bitir. Ev şəraitində xəstələrə vitaminlər, xüsusən C vitamini, antihistamin preparatlar verilir. Bununla yanaşı, dəri səthində əmələ qələn suluqların tez quruması üçün brilyant yaşılın (“zelyonka”) 1 faizli spirt məhlulundan istifadə edilir. İkinicili infeksiyalar qoşulduqda isə xəstələrə antibiotiklər təyin olunur. Lakin xüsusi olaraq vurğulamaq istəyirəm ki, antibiotiklərin özbaşına istifadəsi xəstəliyin ağırlaşmasına və gələcəkdə orqanizmdə ciddi fəsadların baş verməsinə şərait yaradır”.

S.Əlizadə qeyd edir ki, xəstəliyə yoluxmuş şəxslərin iki vacib qaydaya əməl etmələri məsləhətdir:

“Birincisi, soyuqdan qorunmaq, digəri isə gigiyenik qaydalara diqqət etmək. Hava şəraitinə uyğun geyimlərdən istifadə etmək, havanın soyuq keçdiyi vaxtlarda çöldə olmamaq, evdə və ya iş mühitində otağın havasını mütəmadi olaraq təmizləmək lazımdır. Habelə, əllərin tez-tez sabunla yuyulması kimi şəxsi gigiyena qaydalarına riayət etmək xəstəliklərdən qorunmada önəmli rol oynayır. İlkin yoluxma əlamətləri olarsa, dərhal ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrindəki həkim-mütəxəssislərə müraciət etmək lazımdır”.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun