"Ramazan ayında düzgün qidalanma həm orucu rahat keçirmək, həm də sağlamlığı qorumaq üçün çox vacibdir".
Bu sözləri E-saglam.az-a açıqlamasında Qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib. O bildirib ki, uzun saatlar ac və susuz qalmaq maddələr mübadiləsinə, qan şəkərinə, həzm sisteminə və enerji balansına təsir edir. Ona görə də qidalanma planlı və balanslı olmalıdır".
İmsakda necə qidalanmalı?
İmsak gün ərzində enerji səviyyəsini və toxluq hissini qoruyan əsas yeməkdir.
- Zülal mütləq olmalıdır: yumurta, pendir, qatıq, kefir
- Kompleks karbohidratlar: tam buğda çörəyi, yulaf, qarabaşaq.
- Sağlam yağlar: qoz, badam, zeytun.
- Bol su: imsakla iftar arasında deyil, imsak zamanı 2-3 stəkan su.
- Sadə şəkərli məhsullar (ağ çörək, şirniyyat) tez aclıq yaradır və günorta saatlarında halsızlığa səbəb olur.

İftarı necə açmaq lazımdır?
Ən doğru üsul yüngül və mərhələli qidalanmadır.
- Əvvəlcə su.
- Sonra yüngül şorba.
- 10-15 dəqiqə fasilə.
- Daha sonra əsas yemək.
- Əsas yeməkdə qızartma deyil, sobada və ya buğda bişmiş yeməklər, ət, toyuq və ya balıq kimi zülal mənbəyi, yanında salat və ya tərəvəz.
- Şirniyyat və şərbətli məhsullar qan şəkərini sürətlə qaldırır, çəki artımına səbəb ola bilər, mədə yanması və şişkinlik yaradır, həftədə 1-2 dəfə, az miqdarda qəbul etmək daha məqsədəuyğundur.
Su balansı
Oruc zamanı ən böyük risk susuzlaşmadır. İftar və imsak arasında 8-10 stəkan suyu birdən yox, hissə-hissə içmək daha faydalıdır.
Çox çay və qəhvə isə bədəndən maye itkisini artıra bilər.
Ramazanda çəki dəyişiklikləri
Bir çox insan düşünür ki, oruc avtomatik arıqladır. Amma çox yemək çəki artırır, balanslı qidalanma isə yağ itkisi və metabolik yaxşılaşma yaradır.
Həm də çəkiyə nəzarət etmək üçün porsiya ölçüsü və şirniyyat qəbulu ciddi nəzarətdə olmalıdır.
Xüsusi qruplar
- Diabet, təzyiq, mədə problemi olanlar mütləq həkimlə məsləhətləşməlidir.
- Hamilə və süd verən qadınlar fərdi qiymətləndirilməlidir.
- Yaşlılarda susuzlaşma riski daha yüksəkdir.
Ramazan ayı düzgün planlaşdırıldıqda həm bədən, həm də ruh üçün faydalı ola bilər. Əsas prinsip: az-az, balanslı və şüurlu qidalanmaqdır.
Sağlam qidalanaraq sağlam yaşayın!
Könül Oruc