Alimlər insanların hüceyrə səviyyəsində daha gənc görünməsini təmin edən və təhlükəli xəstəliklərin riskini azaldan bir üsul təqdim ediblər.
E-saglam.az xəbər verir ki, bu üsul, yeni bir araşdırmaya görə, insanın bioloji yaşını iki ildən çox azalda bilən oruc tutmağı təqlid edən bir pəhrizi əhatə edir.
Təcrübə iştirakçıları üç ay ərzində üç dəfə beş günlük xüsusi pəhriz dövrü tamamladılar. Bu günlər ərzində onlar şorba, enerji içkiləri, əlavələr və sağlam qəlyanaltılar qəbul edərək, kalori qəbulunu ilk gündə 1100 kkala, sonrakı dörd gündə isə təxminən 720 kkala endirdilər. Daha sonra onlar 25 gün ərzində normal pəhrizlərinə qayıtdılar.
Üç aylıq təcrübənin nəticələri təsirli idi. Qan analizləri göstərdi ki, iştirakçıların bioloji yaşı — hüceyrə sağlamlığının göstəricisi — orta hesabla 2,5 il azalıb. Əsas sağlamlıq göstəriciləri də yaxşılaşıb: diabet riski azalıb (insulin müqaviməti və qan şəkərinin səviyyəsi aşağı düşüb) və ürək-damar xəstəlikləri ilə əlaqəli təhlükəli visseral və qaraciyər yağının miqdarı azalıb.
Pəhrizin müəllifi, Cənubi Kaliforniya Universitetinin professoru Valter Longo deyir ki, bu pəhriz bədəni aclıq rejiminə keçirir. Bu proses hüceyrələrdə “autofagiya” adlanan təmizləmə mexanizmini işə salır. Autofagiya yığılmış tullantıları və zədələnmiş hüceyrə hissələrini təmizləyir, nəticədə hüceyrələr daha sağlam olur və qocalma prosesi yavaşlayır.
Tədqiqat "Nature Communications" jurnalında dərc olunub.
Tərcümə: Könül Oruc