
Afyonkarahisarda yaşayan 37 yaşlı B.Ö. quru öskürək şikayəti ilə xəstəxanaya müraciət etdikdə, ağciyərində 12 mm-lik metal lopa olduğu müəyyən edilib. Sən demə, o, dodaqları arasında saxladığı metal lopanı ehtiyatsızlıqdan udub və yad cisim nəfəs borusuna ilişib.

E-saglam.az xəbər verir ki, Afyonkarahisar Sağlamlıq Elmləri Universitetində aparılan müayinələr zamanı yad cismin sağ ağciyərin bronxunda yerləşdiyi aşkar edilib. Cərrahiyyə əməliyyatı uğurla başa çatıb və metal lopa çıxarılıb. Sinə cərrahı Dos. Dr. Əhməd Dumanlı yad cisimlərin nəfəs yollarında ciddi fəsadlar yarada biləcəyini vurğulayaraq, xəstənin şanslı olduğunu bildirib.
Əməliyyatdan sonra xəstənin vəziyyəti stabilləşib və o, evə buraxılıb. Həkimlər belə halların təhlükəli olduğunu xatırladaraq, insanlara dodaqları arasında əşya saxlamamaq barədə xəbərdarlıq ediblər.
Tərcümə: Könül Oruc