Dilimizdə belə bir məşhur deyim var: “Qocaya gedən quyruq, cavana gedən yumruq yeyər”. Bu həqiqətən də belədirmi? Bu dəfə cütlüklər arasında yaş fərqinin mənfi təsirlərini müzakirə edəcəyik.
Cütlüklər arası çox yaş fərqi hansı problemlərə səbəb ola bilər?
Münasibət kouçu Kama Ahmad E-saglam.az üçün yazır...
- Cütlüyün həyata baxışları, ehtiyac və istəkləri, həmçinin uzunmüddətli və qısamüddətli hədəfləri üst-üstə düşməyə bilər (Bu yetişkinlik və inkişaf səviyyəsindəki fərqdən qaynaqlanır).
- Cütlüyün seksual ehtiyacları fərqlənə bilər.
- Cütlüyün enerji səviyyəsi fərqlənə bilər (Məsələn: tərəflərdən biri dostları və həyat yoldaşı ilə gecələr əylənmək, gəzmək istəyəndə yaşca böyük partnyor evdə dincələrək zaman keçirmək istəyir).
- Cütlüyün dəyərləri, prioritetləri və maraqları üst-üstə düşməyə bilər (Məsələn, yaşca böyük patnyor üçün sağlamlıq və stabilliyin dəyər olaraq əhəmiyyəti yüksəlir, digər tərəf üçün isə əyləncə və macəra hələ də dəyərdir və s.).
- Sağlamlıq problemləri (yaşca böyük partnyorun sağlamlıq vəziyyəti pisləşə və qayğıya ehtiyacı ola bilər, bu da münasibətdə disbalans yarada bilər).
- Cütlüyün ailələri və yaxın çevrəsi yaş fərqinə görə narazı ola bilər(Tədqiqatlar göstərir ki, on yaşdan çox fərqi olan partnyorlar sosial çevrənin narazılığı ilə üzləşirlər).
- Emosional yaxınlıqla bağlı problemlər yaşana bilər.
- Maliyyə görüşlərinin və pul barədə baxışların kəskin fərqləri (tərəflərdən biri davamlı xərcləmək, digər tərəf isə maddi təhlükəsizlik və stabillik ehtiyacına sahib ola bilər).
- Yaş fərqindən doğan dominantlıq, manipulyasiya və zorakılıq.
- Münasibətdən məmnuniyyətin aşağı olması.
Yaş fərqi cütlüyün xoşbəxt və ya bədbəxt olacağını öncədən təyin edən meyar olmasa belə, bir çox elmi mənbələrdə yaş fərqinin (hətta 5 yaş fərq belə) münasibətdən məmnuniyyət səviyyəsinə mənfi təsir etdiyi görünür.
Münasibətlərin uğurlu olması partnyorların oxşar dəyərləri, inancları və məqsədləri nə dərəcədə paylaşmasından, şəxsi məqsədlərə çatmaqda bir-birini dəstəkləməsindən və problemləri nə dərəcədə konstruktiv şəkildə həll etmələrindən asılıdır. Yaş fərqi cütlüklər üçün problemlər yarada bilər, lakin cütlüklər münasibətləri üzərində işləsələr, yaş onlara maneə deyil.
Hər yaşda sevilməyiniz diləyilə... Kama Ahmad
"Facebook" hesabı: https://www.facebook.com/kamaahmadcoach
"İnstagram" hesabı: https://www.instagram.com/coach.kama.ahmad