Tibbi xəbərlər
Qırmızı və narıncı saçların gizli gücü: Hüceyrələri qoruyan
Tibbi xəbərlər
129

Qırmızı və narıncı saçların gizli gücü: Hüceyrələri qoruyan bioloji mexanizm aşkarlandı

İspaniya Milli Təbiət Tarixi Muzeyinin alimləri qırmızı və narıncı saç rəngi ilə əlaqəli olan feomelanin piqmentinin hüceyrələri zərərli və oksidləşdirici təsirlərdən qoruya biləcəyini müəyyən ediblər.

E-saglam.az xəbər verir ki, yeni tədqiqatlar göstərir ki, bu piqment təkcə saç rəngini formalaşdırmır, eyni zamanda hüceyrə sağlamlığında mühüm balanslaşdırıcı rol oynaya bilər.

Araşdırmalar əsasən quş lələkləri üzərində aparılıb. Alimlər feomelanin istehsalının hüceyrələrdə zədələnməni azaltdığını müşahidə ediblər. Bu piqmentin sintezi üçün vacib olan sistein adlı amin turşusu həddindən artıq toplandıqda hüceyrələrdə oksidləşdirici stress yarada bilir, feomelanin isə bu artıqlığın təhlükəsiz şəkildə neytrallaşdırılmasına kömək edir.

Tədqiqatçılar bildirirlər ki, qırmızı saçlara səbəb olan genetik variantlara malik fərdlərdə artıq sisteini feomelaninə çevirən xüsusi mexanizm mövcud ola bilər. Bu mexanizm sayəsində hüceyrələrdə zərərli yığılmaların qarşısı alınır və daxili tarazlıq qorunur.

Zebra çəyirdəkləri üzərində aparılan təcrübələr də bu fikri gücləndirib. Feomelanin istehsal edə bilməyən çəyirdəklərdə artıq sisteinlə qidalanma zamanı daha yüksək oksidləşdirici zədələnmə qeydə alınıb. Feomelanin istehsal edənlərdə isə hüceyrə zədələnməsi xeyli aşağı olub.

İnsanlarda feomelanin əsasən dodaqlarda, məmə uclarında və cinsiyyət orqanlarında cəmləşir, qırmızı saçlı insanlarda isə saç və dəridə daha çox olur. Bu piqment əvvəllər melanoma riski ilə əlaqələndirilsə də, yeni tapıntılar onun yalnız mənfi deyil, eyni zamanda qoruyucu tərəfinin də ola biləcəyini göstərir.

Alimlər vurğulayır ki, sistein normal qidalanma ilə qəbul edildikdə təhlükə yaratmır, lakin yüksək dozada əlavələr şəklində qəbul edildikdə hüceyrələr üçün riskli ola bilər. Tədqiqat PNAS Nexus elmi jurnalında dərc edilib və feomelaninin insan sağlamlığındakı rolunun yenidən qiymətləndirilməsinə yol açır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun