E-saglam.az xəbər verir ki, bu körpələrdə immun sistemin tam formalaşmaması səbəbilə orqanizm xarici təsirlərə qarşı daha həssas olur.
Dos. Dr. Çalışkan qeyd edib ki, doğum prosesi əsasən iki üsulla həyata keçirilir və vaginal doğuş insan fiziologiyasına ən uyğun üsul hesab olunur. Spontan doğum zamanı körpə ananın vaginal florası ilə təmasda olur və bu, mikrobiota adlanan təbii bakteriya balansının yaranmasına səbəb olur. Bu flora uşağın immun sisteminin formalaşmasında mühüm rol oynayır.
Qeysəriyyə ilə doğulan körpələr isə bu təbii prosesdən kənarda qalır və nəticədə immun sistem zəif inkişaf edə bilər. Bu isə gələcəkdə allergik reaksiyalara və tez-tez infeksiyalara səbəb ola bilər. Çalışkan əlavə edib ki, bu cür uşaqlarda antibiotik və müalicəyə ehtiyac da daha çox ola bilər.
O vurğulayıb ki, qeysəriyyə sadə bir doğuş deyil, cərrahi müdaxilədir və yalnız tibbi zərurət halında tətbiq edilməlidir. Əməliyyat zamanı gözlənilməz qanaxmalar və digər fəsadlar baş verə bilər. Bu səbəbdən qeysəriyyə yalnız tam təchizatlı tibb müəssisələrində həyata keçirilməlidir.
Həkim həmçinin bildirib ki, epidural anesteziya kimi üsullarla normal doğuşun ağrısız keçirilməsi mümkündür və qadınlara təbii doğuşa üstünlük vermələri tövsiyə olunur. Çünki bu, həm ana, həm də körpənin sağlamlığı baxımından daha əlverişli nəticələr verir.
Tərcümə: Könül Oruc