Qəbizlik orqanizmin intoksikasiyasına səbəb olur. Bərkdən gücənmə anal çatın, babasil və yırtığın yaranmasına gətirib çıxarır.
E-saglam.az xəbər verir ki, qəbizlik – defekasiya aktının pozulması, 2 gündən artıq nəcis ifrazının baş verməməsi və yaxud bağırsağın tam boşalmaması ilə xarakterizə edilir. Onun təzahürlərinə defekasiya tezliyinin azalması, qarında ağrı, nəcisin az miqdarda xaric olması, bağırsağın qismən boşalması hissi aiddir.
Qəbizliyin səbəbləri, onu yaradan amillər
Anadangəlmə (Hirşprung xəstəliyi)
Qazanılmış
1. Funksional: Qusma və ishal sonrası çoxlu miqdarda mayenin itməsi, tətildə olan zaman, böyük bayıra getmək istəyən zaman özünü saxlamaq, az hərəkətdə olmaq, meyvə tərəvəzdən az istifadə etmək. Bunların hər biri sonda funksional qəbizliyin əmələ gəlməsi ilə nəticələnə bilər.
2. Metabolik: Qalxanabənzər vəzin funksiyasının azalması, qalxanabənzərətraf vəzinin funksiyasının çoxalması, hamiləlik, şəkər xəstəliyi, qanda kalsiumun miqdarının artması, qanda kaliumun miqdarının azalması, böyrəküstü vəzin törəməsində və s.
3. Sinir sisteminə bağlı: İflic, onurğa beyin yaralanmaları, multipl skleroz və s.
4. Dərmanlara bağlı: Ağrı kəsicilər, antispazmalitiklər, dəmir, antidepresantlar, diuretiklər, ürək və təzyiq dərmanları və s.
5. Mexaniki maneçiliyə bağlı: Bitişmə xəstəliyi, törəmələr, anal darlıq, işemik kolit, yırtıqlar, yoğun bağırsağın yalançı keçməməzliyi və s.
Epizodik qəbizlik də var
Epizodik qəbizlik bağırsağın boşalmasını çətinləşdirən müxtəlif vəziyyətlərlə (hamiləlik, səhayət, stress, psixo-emosional gərginlik, maye qəbulunun azlığı, bəzi qida məhsullarının istifadəsi) ilə bağlı olur. Bundan əlavə, qəbizlik dərman preparatlarının təsirindən yarana bilər. Epizodik qəbizlik qısa sürür. Bu hal xəstəlik sayılmır, öz-özünə, sağlam qidalanma, bəzi zərərsiz işlədici vasitələrin köməyilə asanlıqla aradan qalxır.
Xroniki qəbizlik defekasiyanın mütəmadi şəkildə 48 saatdan çox ləngiməsidir. Quru və bərk nəcis, bağırsağın tam boşalmaması hissi xroniki qəbizlikdən xəbər verir. Defekasiyanın xarakter və tezliyinin dəyişməsi vacib diaqnostik əlamət sayılır. Xroniki qəbizlik: həyat tərzi və qida vərdişləri ilə əlaqədar formalaşır. Gərgin iş qrafiki, oturag iş, yataq rejimi və s. səbəbindən defekasiya çağırışlarının ləngidilməsi zamanla bağırsağın fəaliyyətini zəiflədərək, qəbizliyə yol açır. İşlədici vasitələrin çox istifadə olunması, savadsız pəhriz, qida liflərinin azlıq təşkil etdiyi məhsullar, mayenin lazımi miqdarda içilməməsi xroniki qəbizliyə təkan verir.
Həmçinin qəbizlik qıçıglanmış yoğun bağırsag sindromun əlamətlərindən sayılır. Bu patoloji vəziyyətdə bağırsağın motorikası pozulur, qəbizlik ishalla növbələnir. Belə hallarda stress amili bağırsağın funksiyasını daha da pisləşdirir!
QƏBİZLİK ƏLEYHİNƏ bəzi vasitələr
Sübh tezdən acqarına 1 stəkan ilıq təmiz su için.
Murdarça qabığı çox yaxşı vasitədir. 1 xörək qaşığı qabıqların üzərinə 1 stəkan qaynar su əlavə edin, süzün və gündə 2 dəfə 1/2 stəkan olmaqla qəbul edin.
Gənəgərçək yağı də çox yaxşı effekt verir. 1-2 çay qaşığı gənəgərçə yağı axşam yatmazdan əvvəl qəbul edin.
5 ədəd qara qavalı qurusu axşamdan az miqdarda suda isladın. Səhər qavalı yeyin və suyu için.
1 xörək qaşığı ağ qarağat (motmotu) giləmeyvələrin üzərinə 1 stəkan qaynar su əlavə edin və 10 dəqiqə ərzində vam odda qaynadın. Sonra süzün, 1 çay qaşığı bal əlavə edin və xırda qurtumlarla için.
2 xörək qaşığı buğda kəpəyi axşamdan suda isladın, yaxşı qarışdırın və səhər acqarına yeyin.
2 qaşıq kətan toxumu üzərinə 1 stəkan qaynar su əlavə edin, 1 saat ərzində dəmləyin və axşam yatmazdan əvvəl için.
Kivi meyvəsi- tərkibi bol lif olan kivi qəbizliyin qarşısını almağa yardımçı olur.
Səhərlər ac qarına bir stəkan suyu və 2 ədəd ərik qurusunu birlikdə yesəniz, həzm sisteminizi hərəkətə gətirə bilərsiniz.
Bağırsaq hərəkətlərinizi tənzimləyən razyana çayi, həzmi asan olduğundan qəbizlik probleminə qarşı təsirli bir vasitədir, gün ərzində 2 stəkan.
Balın faydaları saymaqla bitmir. Həzm sisteminə və qəbizliyə faydalı olan 1 çay qaşıgı bal və 1 stəkab isti su ilə qarışdırılıb içildiyində qəbizliyi aradan qaldırmaq üçün təsirli bir vasitə halına gəlir.
Bütün bu vasitələr yalnız o halda təsir edə bilər ki, qəbizlik insanda nadir hallarda olur. Xroniki qəbizlik zamanı isə bu vasitələr o dərəcədə kömək etməz.
Xroniki qəbizlik – xəstəlikdir və bütün digər xəstəliklər kimi mütləq və vaxtında müalicə olunmalıdır! Əks halda xroniki qəbizlik müxtəlif və çox ağır xəstəliklərin inkişafına təkan verə bilər. Bu xəstəliklərin arasında – babasil, düz bağırsağın xərçəngi və s.
Pediatr və kliniki diyetoloq Rəna Bayramova