Valideynlər müraciət edərək soruşurlar ki, "Doktor uşağın qarnı gedir, klizma (imalə) edə bilərəm"? Qarnı gedən uşaq onsuz da əziyyət çəkir. Uşağın qarnını yuyaraq daha da gərginləşdirib, stressə salırlar.
Bu sözləri E-saglam.az-a açıqlamasında həkim-pediatr Günay Rəsulova deyib.
Pediatrın sözlərinə görə, uşaqlara gərəkli-gərəksiz "klizma"lar, bağırsağı yumaq adi ilə müdaxilələr qətiyyən doğru deyil. Xüsusilə də oğlan uşaqlarına. Biz hətta 2-3 yaşından yuxarı oğlan, həmçinin qız uşaqlarına şam qoyulmasını belə məsləhət görmürük.
Çünki bu uşaqda psixoloji travmalara səbəb olur.
G.Rəsulova deyir ki, bəzən hətta qurd var adı ilə uşağın guya yoğun bağırsaqlarını yuyub qurddan təmizləyirlər. Adını da qoyurlar hidrokolonoterapiya. Nə qədər məntiqsiz və anlamsızdır. Onsuz da bağırsağa yeridilən məhlul rektum və sigmoiddən o tərəfə gedib çata bilmir. Ona görə imalə etməklə heç vaxt qurdu, paraziti yuyub bitirə bilməszsiniz.
Burda müalicəvi məqsəd parazitin yumurtalarını və özünü öldürməyə çalışmaqdır. Yumaqla qurd ordan heç vaxt təmizlənməz. Bununla uşağa ancaq psixoloji travma vermiş olarsınız. Qarnı gedən uşağın qarnını yumaq uşaqda daha da ağırlaşmaya və vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq.
Uşaqların bağırsaqlarını yumayın, imalələr etməyin.
Könül Oruc