
Mədəaltı vəzi xərçəngi ilkin mərhələdə simptomlar vermədiyi üçün adətən gec diaqnoz qoyulur. Ancaq xəstəlik irəlilədikcə qarın və bel ağrısı, ani çəki itkisi və həzm problemləri kimi əlamətlərlə özünü göstərə bilər.

E-saglam.az xəbər verir ki, Prof. Dr. Oğuzhan Karatepe bu məkrli xəstəliklə bağlı xəbərdarlıq edərək erkən diaqnozun həyati əhəmiyyət daşıdığını vurğulayır.
Risk faktorları: Xəstəliyin yaranmasına təsir edən amillər arasında yaş, genetik meyillilik, siqaret, piylənmə, diabet və xroniki pankreatit var. Hərəkətsiz həyat tərzi və qeyri-sağlam qidalanma da riskləri artırır. Ancaq bəzi hallarda bu faktorlar olmadan da xərçəng yarana bilər.
Əlamətlər: Mədəaltı vəzi xərçəngi irəlilədikcə qarın və bel ağrıları, iştahsızlıq, ani çəki itkisi, sarılıq, sidiyin qaralması, həzm problemləri və yeni yaranan diabetlə özünü büruzə verir. Nəcisin rənginin dəyişməsi və bağırsaq fəaliyyətində pozğunluqlar da vacib əlamətlər sırasındadır.
Diaqnoz: Xəstəlik qan testləri, ultrasəs, MRT, kompüter tomoqrafiya (KT) və endoskopik ultrasəs (EUS) vasitəsilə müəyyən edilir. EUS üsulu ilə biopsiya götürülərək şişin növü və xərçəngin dərəcəsi dəqiqləşdirilir.
Müalicə: Xəstəliyin müalicəsində əsas üsullardan biri Whipple əməliyyatıdır. Bu cərrahi müdaxilə mədəaltı vəzinin başındakı şişlərin çıxarılmasına yönəlib. Robotik cərrahiyyə üsulu əməliyyatdan sonrakı sağalma prosesini sürətləndirə bilər.
Əməliyyatdan sonra: Whipple əməliyyatından sonra həzm fermentlərinin azalması həzm çətinliklərinə səbəb ola bilər. Bu səbəbdən, xəstələrin qidalanması diqqətlə tənzimlənməli və müntəzəm tibbi nəzarət altında saxlanılmalıdır.
Tərcümə: Könül Oruc