Qaragilə yalnız görmə qabiliyyətini dəstəkləyən giləmeyvə deyil.
E-saglam.az xəbər verir ki, diyetoloq və endokrinoloq Anton Polyakov bildirib ki, bu meyvə ürək-damar sistemi, immunitet və hüceyrə sağlamlığı üçün də mühüm faydalara malikdir.
Mütəxəssisin sözlərinə görə, qaragilə güclü antioksidantlarla zəngindir. Bu maddələr orqanizmdə iltihabın azalmasına, hüceyrələrin vaxtından əvvəl qocalmasının ləngiməsinə və oksidləşdirici stressin mənfi təsirlərinin qarşısının alınmasına kömək edir.
Qaragilənin tərkibində həmçinin yüksək miqdarda C vitamini var. Bu vitamin qan damarlarının divarlarını möhkəmləndirir, immun sisteminin fəaliyyətini dəstəkləyir və orqanizmin infeksiyalara qarşı müqavimətini artırır. Bundan əlavə, qaragilədə K və A vitaminləri də mövcuddur ki, onlar sümük sağlamlığı, qan laxtalanması və görmə funksiyası üçün əhəmiyyətlidir.
Anton Polyakov vurğulayıb ki, qaragilənin müntəzəm və balanslı şəkildə qida rasionuna daxil edilməsi ürək-damar xəstəliklərinin profilaktikasına töhfə verə bilər.
Mütəxəssislər xatırladırlar ki, qaragilə faydalı qida olsa da, sağlam həyat tərzini və balanslı qidalanmanı əvəz etmir. Xüsusilə şəkərli diabet və ya digər xroniki xəstəlikləri olan şəxslər giləmeyvə istehlakı ilə bağlı həkim tövsiyələrinə əməl etməlidirlər.
Tərcümə: Könül Oruc