Xalq arasında “it kisti” kimi tanınan qaraciyər hidatik kisti, xüsusilə kənd yerlərində heyvandarlıqla məşğul olan insanlar üçün təhlükə yaradır. Bu, parazitar mənşəli bir xəstəlikdir və qaraciyərdə kist əmələ gətirir.
E-saglam.az xarici mediaya istinadən mövzu ilə bağlı məqaləni təqdim edir:
Necə yoluxur?
Bu xəstəliyə səbəb olan parazit it, çaqqal və canavar kimi heyvanların bağırsaqlarında yaşayır. Yumurtaları nəcislə yayılır. Bu yumurtalarla çirklənmiş su və otları yeyən heyvanlardan insanlara keçə bilər. İnsanlar parazitin ara ev sahibi olur və xəstəliyə yoluxa bilər.
İtlərlə əlaqə
İtlər parazitin daşıyıcısı ola bilər, lakin əsas məsələ onların nə yediyinə və harada gəzdiyinə nəzarət etməkdir. İtlərlə birbaşa təmas və ya çirkli qida vasitəsilə xəstəlik insana keçə bilər.
İnsandan-insana keçmir
Bu xəstəlik birbaşa insandan insana yoluxmur. Lakin eyni mühitdə yaşayanlar eyni çirkli qidaları paylaşdıqda bir neçə nəfər eyni anda xəstələnə bilər.
Əlamətlər və diaqnoz
Xəstəlik uzun müddət heç bir əlamət verməyə bilər. Kist böyüdükcə qarının sağ yuxarı hissəsində ağrı və dolğunluq yarada bilər. Diaqnoz adətən ultrasəs və ya tomoqrafiya vasitəsilə qoyulur.
Ağırlaşmalar
Böyük kistlər infeksiya, sarılıq və ya partlayaraq qarın boşluğuna yayılma riski daşıyır. Bu isə həyati təhlükə yarada bilər.
Müalicə
Dərmanlarla müalicə mümkündür, lakin tam nəticə vermir. Əsas müalicə cərrahiyyə ilə kistin çıxarılmasıdır. Bəzən iynə ilə boşaltma və ya laparoskopik üsullar tətbiq olunur.
Mütəxəssislər xəbərdar edir: xüsusilə kənd yerlərində gigiyenaya diqqət edilməli, itlər nəzarətdə saxlanmalı və şübhəli hallarda həkimə müraciət edilməlidir.
Tərcümə: Könül Oruc