Yandex watch
Prostat xərçənginin erkən aşkarlanması:

İngiltərədə hazırlanan yeni tüpürcək testi prostat xərçənginin erkən diaqnozunda ümidverici nəticələr verir. Xüsusilə yavaş inkişaf edən bu xərçəng növünün vaxtında aşkarlanması üçün hazırlanmış üsulun PSA qan testindən daha dəqiq olduğu bildirilir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Royal Marsden Xəstəxanası və Xərçəng Araşdırmaları İnstitutunun birgə tədqiqatında 55-69 yaş aralığında olan 6000-dən çox Avropa əsilli kişi iştirak edib. Tüpürcək nümunələri üzərindən əldə edilən genetik məlumatlar prostat xərçənginə yüksək riskli şəxslərin aşkarlanmasına imkan verib. Nəticələrə görə, bu test risk altındakı kişilərin 40 faizində xərçəngin izlərini müəyyən edə bilib. Müqayisə üçün, ənənəvi PSA qan testində bu göstərici təxminən 25 faiz təşkil edir.

Mütəxəssislər bildirirlər ki, tüpürcək testinin daha dəqiq nəticələr verməsi sayəsində bir çox yanlış diaqnoz, lazımsız biopsiya və müalicələrin qarşısı alına bilər. Testin ev şəraitində sadə tətbiq olunması da onun geniş yayılmasını asanlaşdıracaq.

Prostat xərçənginin əlamətləri nələrdir?

Prostat vəzi xərçəngi kişilərdə ən çox rast gəlinən xərçəng növlərindəndir. Xəstəlik, prostat adlanan və sidik kisəsinin altında yerləşən kiçik vəzidə başlayır. Erkən mərhələdə əlamətsiz keçə bilsə də, aşağıdakı simptomlarla özünü göstərə bilər:

  • Gecələr tez-tez sidiyə çıxma

  • Sidik ifrazında çətinlik

  • Spermada qan müşahidəsi

  • Çanaq nahiyəsində narahatlıq

  • Sümük ağrıları

  • Ereksiya problemləri

Prostat xərçənginin səbəbləri

Xəstəliyin dəqiq səbəbi məlum deyil, lakin yaş, genetika, hormon səviyyəsi və həyat tərzi risk faktorları arasında yer alır. Ən çox 50 yaşdan yuxarı kişilərdə rast gəlinir. Ailəsində prostat xərçəngi olan şəxslərdə risk daha yüksəkdir.

Xəstəliyin mərhələləri

Mərhələ 1: Xərçəng yalnız prostat vəzindədir, əksər hallarda simptomsuzdur
Mərhələ 2: Şiş bir qədər böyüyür, lakin hələ də prostat daxilindədir
Mərhələ 3: Xərçəng prostat vəzindən kənara çıxaraq ətraf toxumalara yayılır
Mərhələ 4: Limfa düyünləri, sümüklər və digər orqanlara metastaz verir

Yeni tüpürcək testi ilə prostat xərçənginin erkən mərhələdə aşkarlanması mümkündür. Bu da daha effektiv müalicə və daha yüksək sağ qalma şansı deməkdir.

Tərcümə: Könül Oruc

E-saglam.az