Piroqov Universitetinin professoru İqor Zolotuxin ayaqlarda yaranan şişkinliyin bəzi hallarda ciddi xəstəliklərin əlaməti ola biləcəyini bildirib.
E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, şişkinlik yalnız bir ayaqda müşahidə olunursa, bu, narahatedici siqnal hesab olunur. Xüsusilə bu hal ağrı və dolğunluq hissi ilə müşayiət olunursa, diqqətli olmaq lazımdır.
Zolotuxin qeyd edib ki, bu cür simptomlar dərin ven trombozu ilə əlaqəli ola bilər. Bu isə vaxtında müdaxilə olunmadıqda ciddi fəsadlara səbəb ola bilər.
Həkim əlavə edib ki, təhlükəli şişkinlik zamanı dəridə qızartı, baldır nahiyəsində istilik artımı və hərəkət zamanı güclənən ağrı da müşahidə oluna bilər.
Onun sözlərinə görə, ayaqların ciddi fiziki yüklənməyə məruz qalmadığı halda belə şişkinliyin yaranması xüsusi diqqət tələb edir.
Professor vurğulayıb ki, əgər bu əlamətlər varikoz damarları olan şəxslərdə müşahidə olunursa, gecikmədən mütəxəssisə müraciət etmək vacibdir.
Tərcümə: Könül Oruc