Oynaq ağrılarını azaltmağın ən təsirli yollarından biri düzgün qidalanmadır. Balanslı qidalanma sağlamlığı gücləndirir və ağrıları yüngülləşdirə bilər.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, düzgün qidalanma ilə oynaq ağrılarını minimuma endirmək mümkündür. Zülallar, yağlar, karbohidratlar, vitaminlər və minerallar düzgün nisbətdə qəbul edildikdə, oynaqlar daha sağlam və elastik olur.
Kükürd oynaq qığırdağının qorunmasında mühüm rol oynayır. Ət, balıq, süd məhsulları, yumurta, taxıl və paxlalılar bu maddə ilə zəngindir və oynaqlar üçün faydalıdır.
Selenyum kükürdün oynaq qığırdaqlarına daxil olmasını artıraraq onların sağlamlığını dəstəkləyir. Braziliya qozu, qızılbalıq, sardina, siyənək, sarımsaq, yumurta, toyuq və göbələk selenium baxımından zəngin qidalardır.
C vitamini kollagen istehsalını dəstəkləyir və oynaqların elastikliyini artırır. Kivi, çiyələk, sitrus meyvələri, bibər və duzlu kələm C vitamini ilə zəngin olduğu üçün gündəlik rasionda yer almalıdır.
D vitamini sümük və oynaq sağlamlığı üçün vacibdir. Kərə yağı, cod (morino) qaraciyəri və yumurta sarısı bu vitamini təbii yolla qəbul etməyə kömək edir. D vitamini yetərli miqdarda qəbul edildikdə, oynaqlar qocalmanın mənfi təsirlərindən qorunur.
Düzgün qidalanma ilə oynaq ağrılarını azaldaraq daha aktiv və sağlam həyat sürmək mümkündür.
Tərcümə: Könül Oruc