Sümük toxumasının zəifləməsi ilə xarakterizə olunan osteoporoz çox vaxt uzun müddət heç bir əlamət vermir və yalnız sümük sınığı baş verdikdə aşkar edilir.
E-saglam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu xəstəlik ən çox üç əsas nahiyədə sınıqlara səbəb olur.
Daxili xəstəliklər üzrə mütəxəssis Osman Erk bildirir ki, insan sümükləri həyat boyu daim yenilənir. Təxminən 30 yaşına qədər bədən itirdiyindən daha çox sümük istehsal edir. Lakin 35 yaşdan sonra sümük parçalanması başlayır və bu proses tədricən sümük kütləsinin azalmasına gətirib çıxarır.
Mütəxəssisin sözlərinə görə, xüsusilə menopoz dövründə sümük kütləsinin azalması sürətlənir və bu da osteoporoz riskini artırır.
Sümük itkisinin erkən mərhələsi: osteopeniya
50 yaşdan yuxarı insanların təxminən üçdə birində osteopeniya müşahidə olunur. Bu vəziyyət sümük sıxlığının yaş üçün normal səviyyədən aşağı olması deməkdir və osteoporozun erkən mərhələsi hesab olunur. Əsas səbəblər arasında hormonal dəyişikliklər, kalsium çatışmazlığı, siqaret çəkmə və hərəkətsiz həyat tərzi göstərilir.
Osteoporozun xəbərdarlıq əlamətləri
Osteoporoz çox vaxt “səssiz xəstəlik” adlandırılır, çünki uzun müddət heç bir aydın simptom verməyə bilər. Lakin bəzi dolayı əlamətlər diqqət çəkə bilər:
boyun qısalması
duruş problemləri (əyilmə və ya irəli əyilmə)
nəfəs darlığı
bel ağrısı
Ən çox rast gəlinən hal isə yıxılma və ya kiçik zədələrdən sonra qəfil sümük sınıqlarıdır.
Ən çox zədələnən sümüklər
Mütəxəssislərin məlumatına görə, osteoporoz zamanı sınıqlar əsasən üç nahiyədə baş verir:
çanaq sümükləri
bilək sümükləri
onurğa
Risk faktorları
Osteoporozun yaranma riskini artıran amillər iki qrupa bölünür.
Qarşısı alına bilən amillər:
kalsium və D vitamini çatışmazlığı
siqaret çəkmə və spirtli içki qəbulu
həddindən artıq kofein istehlakı
bəzi dərmanlar (məsələn, kortizon və tiroid dərmanları)
hərəkətsiz həyat tərzi
balanssız qidalanma və həddindən artıq duz istifadəsi
Qarşısı alına bilməyən amillər:
yaşın artması
qadın cinsi
erkən menopoz
ailədə osteoporoz tarixinin olması
irq faktorları
Mütəxəssislər sümük sağlamlığını qorumaq üçün müntəzəm fiziki aktivlik, kalsium və D vitamini ilə zəngin qidalanma və vaxtında tibbi müayinələrin vacib olduğunu vurğulayırlar.
Tərcümə: Könül Oruc