Öd daşı əməliyyatı İcbari Tibbi Sığorta ilə pulsuz həyata keçirilirmi?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən E-saglam.az-ın sorğusuna cavab olaraq bildirilib ki, öd daşı əməliyyatı İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxildir: "Öd daşı əməliyyatı TƏBİB-in tabeliyindəki bir çox dövlət tibb müəssisələrində ödənişsiz həyata keçirilir. Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Nizami Tibb Mərkəzi, M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzi, Sabunçu Tibb Mərkəzi, Yeni Klinika, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası və s. bu siyahıya daxildir".
Agentlikdən bildirilib ki, öd daşı əməliyyatı İcbari Tibbi Sığorta tətbiq olunan ildən etibarən Xidmətlər Zərfi ilə təminata alınıb. Xidmətlər Zərfinə əlavə xidmətlər edildikcə, öd daşı ilə bağlı digər diaqnozlar da daxil edilib.
Məlumat üçün bildirək ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.
Könül Oruc