Unutqanlıq əvvəllər əsasən yaşlılıqla əlaqələndirilsə də, bu gün artıq gənclər arasında da son dərəcə yayılıb. Mütəxəssislər bildirirlər ki, səbəblər çoxşaxəlidir – sadə vərdişlərdən tutmuş ciddi sağlamlıq problemlərinə qədər dəyişir. Bu hal uzun müddət davam edirsə, nevroloqa müraciət etmək tövsiyə olunur.
E-saglam.az xəbər verir ki, nevroloq professor Derya Uludüz gündəlik həyatda fərqinə varmadan etdiyimiz səhvlərin həm bədəni, həm də beyni yordığını deyir və əsas səbəbləri belə izah edir.
Unutqanlıq yaş, baş zədələri, beyin şişləri, qalxanabənzər vəz problemləri, depressiya, yüksək LDL xolesterin, diabet, hipertoniya, spirt, siqaret və Alzheimer də daxil olmaqla bir çox ciddi xəstəliklə əlaqəli ola bilər. Tənhalıq və bəzi dərmanların yan təsirləri də rola malikdir.
Daha az su içirik. Yüngül susuzlaşma belə yaddaş pozğunluğuna səbəb ola bilər. Su çatışmazlığı davam etdikdə beyin hüceyrələrinin ölçüsü kiçilir və qısa yaddaş zəifləyir.
Hazır yeməklər yeyirik. Emal olunmuş qidalar, trans yağlar və şəkərli içkilər beyində insulin müqavimətini artırır. Bu vəziyyət Alzheimer riskini yüksəldir və hətta "3-cü tip diabet" kimi tanınır. Aralıq dənizi tipli pəhriz və omeqa-3 yağ turşuları yaddaş üçün ən faydalı qidalanma modelidir.
Saatlarla ekrana baxırıq. Telefon, sosial şəbəkə və davamlı bildirişlər beyni həddindən artıq yükləyir. Diqqət dağınıqlığı artır, yaddaş zəifləyir. Beyin yeni məlumat emal etməyəndə köhnələri də tez silinir. Buna görə ekran vaxtının məhdudlaşdırılması vacibdir.
Hərəkətsizik. Uzun müddət oturaq həyat tərzi beynin həcmini azaldır. Hər gün 30 dəqiqəlik sürətli gəzinti belə yaddaşı gücləndirir və Alzheimer riskini azaldır.
Az yatırıq. Gecə yuxusu beynin “təmizlənmə” prosesidir. Beta-amiloid adlanan zərərli maddələr yuxu zamanı beyindən çıxarılır. Kifayət qədər yatmadıqda bu maddələr toplanır və unutqanlıq artır. 7–9 saatlıq fasiləsiz yuxu beyin sağlamlığı üçün vacibdir.
Vitamin çatışmazlığı yaradırıq. B12 vitamini və fol turşusu azlığı yaddaş zəifliyinə səbəb ola bilər. Bu vitaminlərin təsadüfi deyil, həkim nəzarəti ilə qəbul edilməsi tövsiyə edilir.
Daimi stress altında yaşayırıq. Uzunmüddətli stress zamanı kortizol hormonu yüksək olur və yaddaş mərkəzi olan hipokampa ziyan verir. Bu da həm diqqəti, həm də yaddaşı zəiflədir.
Bu səbəblərin çoxu həyat tərzi ilə bağlıdır və vaxtında düzəldildikdə yaddaş da güclənə bilər. Unutqanlıq uzun müddət davam edərsə, mütləq mütəxəssis müayinəsi tövsiyə olunur.
Tərcümə: Könül Oruc