İstanbul Fizioterapiya və Reabilitasiya Təlim və Araşdırma Xəstəxanasının mütəxəssisi, fizioterapiya və reabilitasiya üzrə həkim Eser Kalaoğlu bildirir ki, yaşlanma ilə birlikdə bədənin tarazlıq sistemi zəifləyir. Balans mərkəzindəki hiss hüceyrələrinin azalması, əzələ gücünün itməsi və görmə qabiliyyətinin zəifləməsi yıxılma riskini artıran əsas səbəblər sırasındadır. Bundan əlavə, diabet, hipertoniya kimi xroniki xəstəliklər və uzunmüddətli dərman qəbulu da tarazlıq pozğunluqlarına yol aça bilər.
Mütəxəssisin sözlərinə görə, osteoporoz da yaşlılarda sınıqların əsas səbəblərindən biridir. Kalsium və D vitamini çatışmazlığı fonunda sümük mineral sıxlığı azalır, sümüklər kövrəkləşir və yüngül yıxılmalar belə ciddi sınıqlarla nəticələnə bilər. Yaşlılarda baş verən sınıqların təxminən 70 faizi evdə və ya evin ətrafında qeydə alınır.
Dr. Kalaoğlu vurğulayır ki, çanaq sümüyü sınığı olan yaşlı xəstələrdə gec müdaxilə yataq xəstəliyinə, təzyiq yaralarına, ağciyər infeksiyalarına və ölüm riskinin artmasına səbəb ola bilər. Buna görə də yıxılmaların qarşısının alınması həyati əhəmiyyət daşıyır.
Mütəxəssis evdə təhlükəsizliyin təmin edilməsini, sürüşkən səthlərin aradan qaldırılmasını, uyğun ayaqqabı seçilməsini, müntəzəm fiziki aktivliyi, kifayət qədər su qəbulunu və dərmanların həkim nəzarəti altında istifadəsini tövsiyə edir. Görmə və eşitmə müayinələrinin də mütəmadi aparılması yıxılma riskinin azaldılmasında mühüm rol oynayır.
Həkimə müraciət üçün isə xəbərdaredici əlamətlər də var. Son bir il ərzində iki və ya daha çox yıxılma halı baş veribsə, yıxılmadan sonra omba, bel və ya bilək nahiyəsində davamlı ağrı varsa, tez-tez başgicəllənmə müşahidə edilirsə, mütləq mütəxəssisə müraciət edilməlidir. Mütəxəssislər 65 yaşdan yuxarı qadınlara və 70 yaşdan yuxarı kişilərə, şikayət olmasa belə, sümük sıxlığının ölçülməsini tövsiyə edirlə
Tərcümə: Könül Oruc
E-saglam.az