Tibbi xəbərlər
Üç televiziya və bir radionun yayımı müvəqqəti dayandırılacaq -
Tibbi xəbərlər
236

Üç televiziya və bir radionun yayımı müvəqqəti dayandırılacaq - Həkimə reklam zamanı "Nömrə 1" deyilib

"Dünya TV", "MTV", "Space TV" və "Space FM"in yayımı müvəqqəti dayandırılacaq.

E-saglam.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın 2026-cı il yanvarın 9-da keçirilmiş ilk iclasında qərar qəbul olunub.

Bildirilib ki, iclasda keçən ilin sonlarında bir sıra televiziya və radio kanallarında baş vermiş reklam qanunvericiliyinin pozulması halları nəzərdən keçirilib. Audiovizual Şuranın mütəxəssislərinin apardıqları araşdırmalar, müvafiq orqanlara göndərilən sorğulara cavablar nəticəsində pozuntular təsbit olunub və Şura üzvlərinin yekdilliklə qəbul etdikləri qərarlara əsasən həmin yayımçılara üçsaatlıq yayımın dayandırılması sanksiyası tətbiq olunub.

Belə ki, 2025-ci il noyabrın 14-də "Dünya TV"də yayımlanan "Alo doktor" proqramı zamanı reklam materialında bəzi müalicə üsullarının peşəkar səviyyədə yalnız reklam olunan tibb müəssisəsində mövcudluğu barədə yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və "Reklam haqqında" qanunun 6-cı maddəsinin tələbləri pozulub.

Həmçinin, ötən il noyabrın 27-də "MTV" kanalında yayımlanan "Çıxış yolu" proqramı zamanı reklam materialında bütün xəstəliklərin təbii üsulla müalicəsinin yalnız reklam olunan tibb müəssisəsində mümkün olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və "Reklam haqqında" qanunun 6-cı maddəsinin tələbləri pozulub.

Eyni zamanda, 2025-ci il dekabrın 3-də "Space FM" radio kanalının efirində yayımlanan "Radio diaqnoz" proqramında həkimə aid reklam zamanı onun nömrə bir olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və "Reklam haqqında" qanunun 6-cı maddəsinin tələbləri pozulub.

Beləliklə, "Dünya TV", "MTV" telekanallarının və "Space FM" radiosunun yayımı yanvarın 15-də saat 21:00-dan saat 24:00-dək üçsaatlıq müvəqqəti dayandırılacaq.

Bundan başqa, iclasda keçən il dekabrın 25-də "Space TV" kanalında yayımlanan "Gəl, danış" proqramında aparıcının çıxışı da müzakirə olunub. Şura üzvlərinin ümumi fikrinə əsasən, yayım zamanı aparıcı tərəfindən mənşə ayrı-seçkiliyi təbliğ olunub və "Media haqqında" qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulub. "Space TV"yə bu istiqamətdə (ayrı-seçkiliyin təbliği hallarına yol verilməsi) keçən il ərzində xəbərdarlıq elan olunduğu nəzərə alınaraq bu dəfə kanalın yayımının 2026-cı il yanvarın 14-də saat 12:00-dan 15:00-dək üçsaatlıq dayandırılması barədə qərar qəbul olunub.

Bununla yanaşı, "Azercell Telekom" MMC-nin audiovizual media fəaliyyəti üçün lisenziyaların verilməsi ilə bağlı müraciətinə də baxılıb. Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura xidmət adı "Kinon" olmaqla "Azercell Telekom" MMC-yə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyalarının verilməsi haqqında müvafiq qərarlar qəbul edib.

Eyni zamanda, iclasda "Neftçi TV" kanalının fəaliyyəti müzakirə olunub. Bildirilib ki, peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasına uyğun olaraq son bir il ərzində birbaşa internet üzərindən davamlı yayım apara bilməyən kanalla bağlı Audiovizual Şura "Neftçi Media" MMC-yə bir neçə dəfə bildiriş verib, xəbərdarlıq edib. Nəticədə "Neftçi Media" MMC yayım apara bilmədiyi üçün lisenziyanın ləğvi məqsədilə Şuraya müraciət edib. Audiovizual Şura müraciəti nəzərə alaraq "Neftçi TV" kanalı üçün "Neftçi Media" MMC-yə verdiyi peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğv edib.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun