Taxta qaşıqlar uzun illərdir mətbəxlərin ayrılmaz hissəsidir. Silikon və plastik mətbəx alətlərinin geniş yayılmasına baxmayaraq, taxta qaşıqlar həm davamlılığı, həm də ekoloji xüsusiyyətləri ilə hələ də üstünlük təşkil edir. Lakin bir çox insanı maraqlandıran əsas sual budur: taxta qaşıqlarla yemək bişirmək doğrudanmı təhlükəsizdir?
E-saglam.az xəbər verir ki, qida təhlükəsizliyi üzrə mütəxəssis, Şimali Karolina Dövlət Universitetinin tədqiqatçısı professor Ben Çapmanın sözlərinə görə, indiyədək taxta kəsmə lövhələri və ya qaşıqların qida yolu ilə keçən xəstəliklərə səbəb olması ilə bağlı sübut olunmuş hal qeydə alınmayıb. Mütəxəssis bildirir ki, ağacın məsaməli quruluşu səthdə qalan suyu və bakteriyaları özünə çəkir və bu da mikroorqanizmlərin çoxalmasının qarşısını alır. Bundan əlavə, ağacın tərkibində təbii antimikrob maddələr mövcuddur.
Mütəxəssislər üçün ən vacib məqam taxta qabların düzgün qurudulmasıdır. Yuyulduqdan sonra qaşıqların və kəsmə lövhələrinin ən azı 24 saat açıq havada tam quruması tövsiyə olunur. Nəmli mühit bakteriyaların yaşaması üçün əlverişli şərait yarada bilər. Bu səbəbdən taxta qabların hava dövranı olan yerdə, dik vəziyyətdə saxlanması məsləhət görülür.
Zamanla üzərində çatlar, dərin yarıqlar və ya tünd ləkələr əmələ gələn taxta qaşıqlar isə dəyişdirilməlidir. Qida üzrə alim Brayan Quok Le bildirir ki, bu cür çatlar mikroorqanizmlərin gizlənməsi üçün uyğun mühit yaradır və tam təmizlənməni çətinləşdirir. Taxta qaşıqların baxımı üçün isti su və sabun kifayətdir, qabyuyan maşında yuyulması isə çatlama riskini artırdığı üçün tövsiyə edilmir.
Mütəxəssislər həmçinin aşındırıcı kimyəvi maddələrdən və ağardıcı vasitələrdən istifadə edilməməsini, vaxtaşırı qida dərəcəli mineral yağla yağlanaraq ağacın qurumasının və çatlamasının qarşısının alınmasını məsləhət görürlər.
Tərcümə: Könül Oruc