Azərbaycanın rayonlarında fəaliyyət göstərən bir qrup stomatoloq işdən çıxarılmalarına etiraz olaraq hazırda TƏBİB-in inzibati binasının qarşısında aksiya keçirib.
E-saglam.az xəbər verir ki, məsələ ilə bağlı Qafqazinfo.az TƏBİB-ə sorğu ünvanlayıb.
Cavabda bildirilir: “Xidmətlər Zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tarifləri, həmçinin sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tarifləri TƏBİB-in Müşahidə Şurasının müvafiq qərarları ilə tənzimlənir. Stomatoloji xidmətlərin əksəriyyəti (149 adda xidmət) icbari tibbi sığorta təminatına daxil deyil və yalnız ödənişli əsaslarla həyata keçirilir. Bu xidmətlərin tarifləri TƏBİB-in Müşahidə Şurasının 21 iyul 2025-ci il tarixli 18-1/17-Q/2025 nömrəli qərarı ilə təsdiq edilib.
Son dövrlərdə stomatoloji xidmətlərin təşkili və şəffaflığın artırılması məqsədilə aparılan geniş təhlillər zamanı müxtəlif regionlarda stomatoloqların xidmət həcmi, iş yükü və real ehtiyac göstəriciləri araşdırılıb. Təhlillər nəticəsində bəzi stomatoloji xidmətlərin faktiki tələbatdan artıq olduğu, mövcud resursların qeyri-səmərəli istifadə edildiyi, ödənişlərin tam şəkildə nağdsız qaydada rəsmiləşdirilməməsi səbəbindən büdcə daxilolmalarının azaldığı müəyyən edilib”.
TƏBİB-dən həmçinin bildirilib ki, bəzi regionlarda stomatoloqların sayının real ehtiyacı üstələməsi əlavə maliyyə yükünün yaranmasına səbəb olub: “Araşdırmalar göstərir ki, stomatoloji xidmətlərin göstərilməsi zamanı istifadə olunan maddi resurslar (işçi heyəti üzrə əməkhaqqı xərcləri, avadanlıqların saxlanması, dərman və sərfiyyat materialları, kommunal xərclər və s.) bu xidmət üzrə əldə edilən maliyyə gəlirlərini üstələyir. Bunun nəticəsində stomatoloji xidmətlərin mövcud şəraitdə əvvəlki həcmlərdə davam etdirilməsi iqtisadi cəhətdən səmərəli hesab edilmir və bu sahədə əlavə optimallaşdırma tədbirlərinin görülməsi zərurəti yaranıb.
Əlavə olaraq qeyd edirik ki, Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən, əmək şəraitinin şərtlərini dəyişdirmək, eləcə də işçilərin sayını və ya ştatlarının ixtisar edilməsi işəgötürənin hüquqlarından biridir. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının və ya ştatlarının ixtisar olunması əmək müqaviləsinə xitam verilməsi əsaslarından hesab olunur.
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stomatoloji xidmətlərlə bağlı aparılan təhlillərə və maliyyə-iqtisadi əsaslandırmalara uyğun olaraq, stomatoloqların sayının (ştatlarının) optimallaşdırılması, o cümlədən ixtisar edilməsi prosesi əmək qanunvericiliyinin tələblərinə ciddi riayət olunmaqla təmin edilir”.