Yunanıstanda dövlət xəstəxanalarında təcili tibbi yardım üçün gözləmə müddətinin azaldılması məqsədilə yeni elektron izləmə sistemi tətbiq edilib.
E-saglam.az xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, QR kodlu qolbaqların istifadəsi ilə qurulan bu sistem artıq ilkin mərhələdə müsbət nəticələr verib.
Yeni mexanizm çərçivəsində xəstələr təcili yardım şöbəsinə daxil olduqda üzərində QR kod olan bilet-bilərzik və ya qolbaq alırlar. Bu kod tibbi xidmətin bütün mərhələlərində istifadə olunur və xəstənin proses boyu izlənməsinə imkan yaradır.
Xəstəxanalar sistem vasitəsilə xəstələri sağlamlıq vəziyyətlərinin ağırlıq dərəcəsinə görə qiymətləndirir və prioritetləşdirir. Beləliklə, daha təcili müdaxilə tələb edən pasiyentlər vaxtında tibbi yardım ala bilir.
Xəstələr QR kodu skan etməklə növbədə neçə nəfərin olduğunu və təxmini gözləmə müddətini əvvəlcədən öyrənə bilirlər. Səhiyyə rəsmiləri bildiriblər ki, proqram hazırda 10 xəstəxanada tətbiq olunur və yaxın aylarda digər dövlət xəstəxanalarına da genişləndirilməsi planlaşdırılır.
Tərcümə: Könül Oruc