Terapevt Svetlana Burnatskaya şaxtalı havada çölə çıxmazdan əvvəl diqqət edilməli məqamları bölüşüb.
E-saglam.az xəbər verir ki, mütəxəssis bildirib ki, yeməkdən dərhal sonra soyuğa çıxmaq məsləhət deyil. Həzm prosesinin normal getməsi üçün azı 30–40 dəqiqə gözləmək lazımdır. Gəzməyə çıxmazdan əvvəl burnun təmizlənməsi də vacibdir. Axan burun varsa, nəfəs almanı asanlaşdırmaq və selikli qişanı qorumaq üçün burun keçidləri duzlu məhlulla yuyulmalıdır.
Soyuq havada şapka və şərf taxmaq xüsusilə önəmlidir. Çünki bədən istiliyinin təxminən 30 faizi baş nahiyəsindən itirilə bilər. Həmçinin burundan nəfəs almaq tövsiyə olunur, bu zaman soyuq hava ağciyərlərə çatmazdan əvvəl isinir.
Burnatskaya tərləməyə də nəzarət etməyi məsləhət görüb. İstiləşdikdə gödəkçəni bir qədər açmaq olar, lakin tam çıxarmaq qəfil hipotermiyaya səbəb ola bilər. Bundan əlavə, soyuq havada susuzluq az hiss olunsa da, kifayət qədər su içmək vacibdir. Susuzlaşma selikli qişanı qurudur və yerli immuniteti zəiflədir.
Mütəxəssis xəstə insanlarla təmasdan uzaq durmağı da xatırladıb. Hətta açıq havada belə, öskürən şəxslərdən 1–2 metr məsafə saxlamaq tövsiyə olunur. Hava şəraiti də mütləq nəzərə alınmalıdır. Küləyin sürəti 10 m/s-dən çox, temperatur isə –25 dərəcədən aşağı olduqda gəzintini qısaltmaq və ya başqa vaxta saxlamaq daha məqsədəuyğundur.
Tərcümə: Könül Oruc