Baş ağrısı (alkoqoldan sonrakı halsızlıq) təkcə narahatedici simptom deyil, bədənin alkoqolun parçalanma məhsulları ilə kompleks şəkildə zəhərlənməsidir.
E-saglam.az xəbər verir ki, bu barədə tədqiqatçı Elvina Axmetova açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, baş ağrısı susuzlaşma, elektrolit balansının pozulması, qaraciyər və sinir sisteminə düşən ciddi yük fonunda yaranır. Buna görə də müalicə simptomlara deyil, intoksikasiyanın özünə yönəlməlidir.
Elvina Axmetova spirtli içki qəbul etməzdən bir neçə saat əvvəl yaxşı qidalanmağın vacib olduğunu vurğulayıb. Xüsusilə karbohidratlar və yağlar alkoqolun mənfi təsirini azaltmağa kömək edir. Bundan əlavə, ilk içkidən təxminən 30 dəqiqə əvvəl metadoksin əsaslı preparatların qəbulu spirtin parçalanmasında iştirak edən ferment sistemlərini aktivləşdirə bilər.
Ziyafət zamanı müxtəlif spirtli içkilərin qarışdırılmaması və hər içkidən sonra bir stəkan təmiz su içilməsi tövsiyə olunur. Bu, həm spirtin konsentrasiyasını azaldır, həm də səhər yaranan ağır susuzlaşmanın qarşısını alır.
Mütəxəssis qeyd edib ki, çox miqdarda alkoqol qəbul edildikdə, ziyafətdən sonra metadoksin əsaslı preparatın ikinci dozası toksinlərin daha tez parçalanmasına və bədəndən xaric olunmasına kömək edə bilər.
Səhər saatlarında isə kiçik porsiyalarla bol maye qəbulu məsləhət görülür. Qazsız mineral su, rehidron məhlulu və ya xiyar duzlu suyu bədənin balansını bərpa edə bilər. Yüngül toyuq bulyonu, kaliumla zəngin banan və fermentləşdirilmiş qidalar, o cümlədən turş kələm də vəziyyəti yaxşılaşdırır.
Həkim “baş ağrısını aradan qaldırmaq üçün yenidən spirtli içki qəbul etməyin” yanlış olduğunu bildirib. Bu üsul simptomları müvəqqəti azaltsa da, intoksikasiyanı uzadır və qaraciyər ilə sinir sisteminə əlavə zərər verir.
Elvina Axmetova ağır və yağlı qidalardan, eləcə də qəhvədən uzaq durmağı tövsiyə edib. Yağlı qidalar qaraciyər və mədəaltı vəzinə əlavə yük yaradır, kofein isə susuzlaşmanı və ürəyə düşən gərginliyi artırır.
Mütəxəssis xüsusilə parasetamolun qəbulundan çəkinməyi məsləhət görüb. Onun sözlərinə görə, parasetamol alkoqolun parçalanma məhsulları ilə birlikdə qaraciyər üçün zəhərli təsir göstərə bilər. Ağrıkəsici lazım olduqda isə ibuprofen daha təhlükəsiz seçim hesab olunur. Sauna, idman zalı və kontrast duşlar da bu dövrdə ürək-damar sistemi üçün əlavə risk yaradır.
Tərcümə: Könül Oruc