Tibbi xəbərlər
Bud forması autizmin gizli əlaməti ola bilər -
Tibbi xəbərlər
264

Bud forması autizmin gizli əlaməti ola bilər - Mütəxəssislər

Mütəxəssislər bildirirlər ki, uşaqlarda duruş və yeriş xüsusiyyətləri bəzi neyroinkişaf pozğunluqları ilə bağlı erkən ipucları verə bilər.

E-saglam.az xəbər verir ki, son illərdə aparılan elmi araşdırmalar göstərir ki, adətən “ördək ombası” kimi təsvir edilən, çanağın normadan daha çox irəli əyilməsi autizm spektr pozğunluğu (ASD) və diqqət çatışmazlığı hiperaktivlik pozğunluğu (DEHB) ilə əlaqəli ola bilər.

Son 10 ildə aparılan tədqiqatlar xüsusilə 10 yaşdan kiçik uşaqlarda müşahidə olunan bu duruş fərqlərinə diqqət yetirib. Araşdırmalar göstərir ki, bəzi uşaqlarda budlar əslində daha iri olmasa da, çanağın irəli əyilməsi səbəbindən xaricə doğru daha qabarıq görünür.

Autizm spektr pozğunluğu olan uşaqlar üzərində aparılan müşahidələr yeriş zamanı çanağın orta hesabla 5 dərəcə daha çox irəli əyildiyini göstərib. Mütəxəssislərin fikrincə, autizm yalnız sosial və ünsiyyət bacarıqlarına deyil, həm də motor koordinasiya və tarazlıq sistemlərinə təsir göstərə bilər. Ayaq uclarında yerimə və uzun müddət eyni vəziyyətdə qalma kimi davranışlar bud fleksor əzələlərinin qısalmasına səbəb olur və bu da duruşu dəyişə bilər.

İtaliya və Yaponiyada aparılan tədqiqatlar bu cür duruş fərqlərinin əsasən 8–10 yaş arasında daha aydın müşahidə edildiyini ortaya qoyub. 3D yeriş analizləri zamanı autizmli uşaqlarda çanaq, omba və topuq hərəkətlərinin sağlam uşaqlardan fərqli olduğu müəyyən edilib. Araşdırmalar bu fərqlərin autizm əlamətlərinin şiddəti ilə əlaqəli ola biləcəyini göstərir.

Oxşar nəticələr DEHB diaqnozu qoyulmuş uşaqlarda da müşahidə edilib. Yaponiyada aparılan araşdırmada DEHB-li uşaqlarda çanağın orta hesabla 4–5 dərəcə daha çox irəli əyildiyi və yeriş sürətinin yüksək olduğu qeyd olunub. Bu duruş xüsusiyyətlərinin hiperaktivlik və impulsivliklə əlaqəli ola biləcəyi bildirilir.

Mütəxəssislər vurğulayırlar ki, irəli əyilmiş çanaq uzunmüddətli perspektivdə bel, omba və diz nahiyəsində əlavə yüklənməyə və xroniki ağrılara səbəb ola bilər. Bununla belə, bu duruş dəyişiklikləri autizmin və ya DEHB-nin səbəbi deyil, həmin vəziyyətlərin motor sistemə təsirinin nəticəsi kimi qiymətləndirilir.

Erkən mərhələdə aşkarlandıqda, fizioterapiya, uyğun fiziki aktivlik və dəstəkləyici yanaşmalarla bu təsirlərin azaldıla biləcəyi qeyd olunur. Mütəxəssislər valideynlərə uşaqların duruş və yerişində davamlı fərqlər müşahidə etdikdə mütləq mütəxəssisə müraciət etməyi tövsiyə edirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun