Uşaqlarda qarın ağrısı, iştahasızlıq, gecə narahatlığı və diş qıcama kimi əlamətlər valideynləri çox vaxt qurd xəstəliyindən şübhələndirir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, analizsiz və həkim məsləhəti olmadan verilən qurd dərmanları uşağın sağlamlığı üçün risk yarada bilər.
Pediatr Aytən Ziyadova E-saglam.az-a açıqlamasında bildirib ki, valideynlərin çoxu “qurd” və “parazit” anlayışlarını eyni hesab etsə də, tibbi baxımdan bunlar fərqli anlayışlardır. Onun sözlərinə görə, parazit daha geniş anlayışdır və insan orqanizmində yaşayaraq ondan qidalanan bütün canlıları əhatə edir. Qurdlar isə parazitlərin yalnız bir hissəsidir.
Həkim qeyd edib ki, uşaqlarda ən çox rast gəlinən problemlərdən biri bizquyruq infeksiyasıdır. Xüsusilə bağça və məktəb yaşlı uşaqlarda bu problem daha çox müşahidə olunur. Bunun əsas səbəbi isə gigiyena qaydalarının tam formalaşmamasıdır.

Pediatrın sözlərinə görə, uşaqlarda gecələr anus ətrafında qaşınma, narahat yuxu, tez-tez oyanma, əsəbilik, qarın ağrısı, köp, iştahasızlıq və halsızlıq kimi əlamətlər parazit infeksiyasına işarə edə bilər. Bəzi hallarda allergik səpkilər də müşahidə olunur.
Aytən Ziyadova vurğulayıb ki, valideynlərin ən çox etdiyi səhvlərdən biri analiz və həkim müayinəsi olmadan uşağa qurd dərmanı verməkdir. O bildirib ki, hər qarın ağrısı və ya diş qıcama qurd əlaməti deyil və bu simptomlar başqa xəstəliklərlə də əlaqəli ola bilər.
Həkim xəbərdarlıq edib ki, dərmanın dozasını özbaşına artırmaq təhlükəlidir: “Qurd əleyhinə preparatlar qaraciyərdə metabolizə olunur. Düzgün seçilməyən və ya artıq doza ürəkbulanma, qusma, qarın ağrısı, allergik reaksiyalar və qaraciyərə əlavə yük yarada bilə”.
Pediatr əlavə edib ki, müalicə zamanı gigiyena qaydalarına əməl olunmaması xəstəliyin yenidən qayıtmasına səbəb olur. Əllərin düzgün yuyulmaması, dırnaqların uzun qalması, yataq dəstlərinin yüksək temperaturda yuyulmaması və oyuncaqların dezinfeksiya edilməməsi təkrar yoluxma riskini artırır.
Aytən Ziyadova sonda qeyd edib ki, uşaqlarda parazit infeksiyalarının düzgün idarə olunması yalnız dərman qəbulundan ibarət deyil: “Düzgün diaqnostika, uyğun müalicə və gigiyena qaydalarına əməl olunması birlikdə aparılmalıdır”.
Könül Oruc