Tibbi xəbərlər
Başın ölçüsü nevroloji xəstəliklərə
Tibbi xəbərlər
151

Başın ölçüsü nevroloji xəstəliklərə tutulma riskini göstərir

Alimlər baş ölçüsünün insanın sonrakı həyatda demensiya inkişaf etdirmə riskini göstərə bilən mühüm amillərdən biri ola biləcəyini açıqlayıblar.

E-saglam.az xəbər verir ki, ABŞ-nin Texas ştatında aparılan genişmiqyaslı araşdırma onilliklər ərzində izlənilən yüzlərlə yaşlı rahibənin sağlamlıq məlumatları və beyin autopsiyalarına əsaslanıb.

Tədqiqat çərçivəsində ABŞ-ın yeddi şəhərində yaşayan təxminən 700 katolik rahibənin 30 illik tibbi qeydləri təhlil edilib. İştirakçıların həyat şəraiti demək olar ki, eyni olub: balanslı qidalanma, müntəzəm tibbi nəzarət, güclü sosial əlaqələr və siqaretlə alkoqoldan uzaq həyat tərzi. Buna baxmayaraq, rahibələrin təxminən 17 faizində yaşlılıq dövründə demensiya inkişaf edib.

Araşdırma göstərib ki, həm daha kiçik baş çevrəsinə, həm də aşağı təhsil səviyyəsinə malik olan şəxslərdə demensiya riski digərləri ilə müqayisədə təxminən dörd dəfə yüksəkdir. Demensiya diaqnozu qoyulan iştirakçıların beynin yaddaşla əlaqəli hissəsi olan hipokampusunun da daha kiçik olduğu müşahidə olunub.

Mütəxəssislər bunu “koqnitiv rezerv” nəzəriyyəsi ilə izah edirlər. Daha böyük beyin həcmi və daha çox sinir əlaqəsi yaşla yaranan zədələnmələri kompensasiya etməyə kömək edir. Kiçik beyin quruluşuna malik insanlarda isə bu ehtiyat daha məhdud olur. Təhsil səviyyəsi də bu baxımdan vacib rol oynayır, çünki öyrənmə beyin əlaqələrini gücləndirir və idrak elastikliyini artırır.

Araşdırma 1991-ci ildə başlanan və elmi ədəbiyyatda “Rahibə Tədqiqatı” kimi tanınan uzunmüddətli layihəyə əsaslanır. Yaşları 75-dən 102-yə qədər olan 678 rahibə tədqiqatda iştirak edib və hamısı ölümdən sonra beyinlərinin elmi araşdırma üçün istifadəsinə razılıq verib.

Alimlər qeyd edirlər ki, baş ölçüsünün formalaşmasının böyük hissəsi erkən uşaqlıq dövründə baş verir. Buna görə də idrak sağlamlığının qorunması yalnız yaşlılıqla məhdudlaşmamalı, hamiləlikdən və uşaqlıqdan başlayaraq uzunmüddətli yanaşma tələb edir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun