Tibbi xəbərlər
Ən çox hansı Avropa ölkələri
Tibbi xəbərlər
292

Ən çox hansı Avropa ölkələri antibiotiklərdən istifadə edir?

Avropada antibiotik istifadəsi ölkələr arasında ciddi şəkildə fərqlənir və bəzi dövlətlərdə artım tendensiyası müşahidə olunur. Səhiyyə mütəxəssisləri dərmanlara davamlı infeksiyaların artan təhlükəsi fonunda Avropanı antibiotiklərdən asılılığı azaltmağa çağırır.

E-saglam.az xəbər verir ki, antimikrob müqavimət bakteriya və virusların mövcud dərmanlara qarşı davamlılıq qazanması ilə yaranır və infeksiyaların müalicəsini çətinləşdirir. Antibiotiklərin həddindən artıq və düzgün olmayan istifadəsi bu prosesi sürətləndirir. Məlumata görə, bu problem hər il Avropa Birliyi ölkələri, İslandiya, Lixtenşteyn və Norveçdə 35 mindən çox insanın ölümünə səbəb olur.

Bu risklərə görə, AB Şurası 2023-cü ildə üzv ölkələrə antibiotik istifadəsini azaltmaq və istifadə olunan preparatların ən azı 65 faizinin birinci seçim antibiotiklər olmasını tövsiyə edib. Lakin Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) hələlik bu hədəflərə nail olunmadığını açıqlayıb.

ECDC-nin məlumatına əsasən, 2024-cü ildə Avropa Birliyi üzrə hər 1000 nəfərə düşən gündəlik antibiotik dozası orta hesabla 20,3 olub. Bu göstərici pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 2 faiz yüksəkdir və 2030-cu il üçün müəyyən edilmiş 15,9 hədəfindən xeyli artıqdır.

Antibiotik istifadəsi ölkələr üzrə kəskin dəyişir. Keçən il bu göstərici Hollandiyada 9,8 olduğu halda, Yunanıstanda 29,9-a çatıb. Mütəxəssislər bu fərqləri səhiyyə qaydalarının tətbiq sürəti və nəzarət mexanizmlərinin effektivliyi ilə izah edirlər.

ECDC bildirir ki, 2020-ci ildən bəri Avstriya, Belçika, Xorvatiya, Estoniya, Finlandiya, Fransa, İslandiya, Latviya, Litva, Lüksemburq, Hollandiya, Norveç, Portuqaliya, Sloveniya və İspaniyada antibiotik istifadəsi artıb. Bu isə ümumi mənzərənin narahatedici olduğunu göstərir.

Mütəxəssislər ölkələri diaqnostik yanaşmaları təkmilləşdirməyə, infeksiyaların qarşısının alınması və nəzarət tədbirlərini gücləndirməyə çağırır. Bildirilir ki, dərmana davamlı patogenlərin sərhədlərarası yayılması və Avropa əhalisinin qocalması da problemi daha da dərinləşdirir.

Səhiyyə mütəxəssisləri vətəndaşlara da müraciət edərək, antibiotiklər yalnız həkim təyinatı ilə qəbul edilməli və müalicə kursu yarımçıq saxlanılmamalıdır. Qeyd olunur ki, dərmanların düzgün və tam istifadəsi antibiotik müqaviməti ilə mübarizədə mühüm rol oynayır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun