Tibbi xəbərlər
Sağlamlığınızda fərq yaradacaq vərdişlər -
Tibbi xəbərlər
298

Sağlamlığınızda fərq yaradacaq vərdişlər - Yeni ilə sağlam başlayın

Müasir həyat tərzi sağlamlıq üçün ciddi risklər yaradır. Balanssız qidalanma, hərəkətsizlik, yuxusuzluq, siqaret və spirtli içki istifadəsi bir çox xroniki xəstəliklərin və vaxtından əvvəl qocalmanın əsas səbəbləri sırasında yer alır.

E-saglam.az xəbər verir ki, Daxili Xəstəliklər üzrə mütəxəssis Prof. Dr. Osman Erk yeni ilin sağlam həyat tərzinə başlamaq üçün mühüm fürsət olduğunu bildirir. Mütəxəssisin sözlərinə görə, xüsusilə qidalanma vərdişlərində atılan düzgün addımlar ümumi sağlamlıq vəziyyətinə ciddi təsir göstərir.

Prof. Dr. Erk evdə bişirilən yeməklərdən imtina edilməməsini tövsiyə edir. O bildirir ki, yağlı, şəkər və karbohidratla zəngin, emal olunmuş qidaların müntəzəm istifadəsi əvvəlcə həzm sistemini zəiflədir, daha sonra isə diabet və ürək-damar xəstəlikləri riskini artırır. Yemək buraxmaq və bunu boş kalorilərlə əvəz etmək də sağlamlıq üçün zərərlidir.

Mütəxəssis günə qəhvə ilə deyil, su ilə başlamağın vacibliyini vurğulayır. Gün ərzində kifayət qədər su içmək bədənin maye balansını qoruyur və toksinlərin xaric olunmasına kömək edir. Suya limon, nanə və ya darçın əlavə etmək faydanı artıra bilər.

Aclıq hissini uzun müddət saxlamaq axşam saatlarında həddindən artıq yeməyə səbəb olur. Buna görə gün ərzində meyvə, tərəvəz və tam taxıllarla zəngin qidalar seçilməli, kiçik və sağlam ara yeməklərə üstünlük verilməlidir.

Qidalanmada mövsümi məhsullara diqqət yetirilməsi də mühüm məqamdır. Qış aylarında yay tərəvəz və meyvələrindən uzaq durmaq, təzə və mümkün qədər üzvi məhsulları seçmək tövsiyə olunur. Naharda proteinlə zəngin qidalar, axşam isə daha yüngül tərəvəz əsaslı yeməklər qəbul edilməlidir.

Duz və şəkərin həddindən artıq qəbulu ciddi sağlamlıq problemlərinə yol aça bilər. Mütəxəssis etiket oxumağı vərdiş halına gətirməyi, şəkəri isə əsasən təbii mənbələrdən almağı məsləhət görür. Şirin ehtiyacı zamanı quru meyvələr ölçülü şəkildə alternativ ola bilər.

Bağırsaq sağlamlığının immunitet sistemi üçün mühüm rol oynadığını qeyd edən Prof. Dr. Erk probiotik və prebiotiklə zəngin qidaların gündəlik rasionda yer almasının vacibliyini bildirir.

Bundan əlavə, stressin idarə olunması, pozitiv düşüncə, gündə ən azı 7 saat keyfiyyətli yuxu, müntəzəm fiziki aktivlik və zehni məşqlər də sağlam həyatın ayrılmaz hissəsi hesab olunur.

Mütəxəssisin fikrincə, bu sadə, lakin davamlı vərdişlər həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun