Çin tibb tarixində ilk dəfə olaraq kəsilmiş qulaq müvəqqəti şəkildə xəstənin ayağına birləşdirilib.
E-saglam.az xəbər verir ki, bu qeyri-adi tibbi üsul sayəsində ağır qəza nəticəsində qulağını itirən xəstənin orqanı xilas edilib və aylar sonra yenidən baş nahiyəsinə köçürülüb.
Şandonq əyalətində yaşayan Sun adlı qadın iş yerində baş verən ağır qəza zamanı baş dərisinin və qulağının böyük hissəsini itirib. Şandonq Əyalət Xəstəxanasının Mikrocərrahiyyə Bölməsindən bildirilib ki, zədələnmə o qədər ciddi olub ki, qulağın dərhal əvvəlki yerinə birləşdirilməsi mümkün olmayıb.
Həkimlər çıxış yolu olaraq qulağı müvəqqəti şəkildə ayağa köçürmək qərarı veriblər. Bunun səbəbi ayaqdakı damar quruluşunun qulaqdakı arteriya və venalarla uyğun olması, həmçinin toxumanın incə və uyğun xüsusiyyətlərə malik olmasıdır. Bu üsul tibbdə “heterotopik transplantasiya” kimi tanınsa da, qulağın ayağa köçürülməsi indiyədək tətbiq edilməmişdi.
Təxminən 10 saat davam edən ilk əməliyyat zamanı qulağın qan dövranı diqqətlə bərpa edilib. Sonradan yaranan ciddi fəsadlar isə həkimlərin günlərlə apardığı yüzlərlə müdaxilə ilə aradan qaldırılıb. Beş ay sonra baş və boyun toxumaları kifayət qədər sağaldıqdan sonra qulaq ayaqdan götürülərək öz yerinə uğurla köçürülüb.
Məlumata görə, əməliyyatdan sonra xəstənin üz cizgiləri və toxuma funksiyaları əsasən normal vəziyyətinə qayıdıb. Mütəxəssislər bu hadisəni rekonstruktiv və mikrocərrahiyyə sahəsində tarixi nailiyyət kimi qiymətləndirirlər.
Tərcümə: Könül Oruc