Mütəxəssislərin fikrincə, qar yağışı havanın keyfiyyətinə müsbət təsir göstərə və bəzi yoluxucu xəstəliklərin yayılma riskini qısa müddətlik azalda bilər. Bunun əsas səbəbi qarın havadakı toz, çirk və mikroorqanizmləri yerə çökdürmə xüsusiyyətidir.
E-saglam.az xəbər verir ki, pulmonoloq və ictimai sağlamlıq üzrə mütəxəssislər bildirirlər ki, qar yağarkən havada asılı vəziyyətdə olan allergenlər, toz hissəcikləri və bəzi bakteriyalar azalır. Bu da xüsusilə astma, allergiya və xroniki tənəffüs yolu xəstəlikləri olan insanlar üçün müvəqqəti rahatlama yarada bilər.
Mütəxəssislər qeyd edirlər ki, soyuq hava virusları tamamilə məhv etmir. Əksinə, qapalı məkanlarda daha çox vaxt keçirilməsi qrip və digər respirator infeksiyaların yayılma riskini artıra bilər. Yəni qarın havanı “təmizləməsi” təsiri qısa müddətli və məhduddur.
Eyni zamanda, qar yağışından sonra havadakı rütubətin artması selikli qişaların qurumasının qarşısını ala bilər. Bu da burun və boğazın qoruyucu mexanizmlərini bir qədər gücləndirir. Lakin bu təsir şəxsi gigiyena və ümumi sağlamlıq qaydalarına əməl edilmədikdə kifayət etmir.
Mütəxəssislər tövsiyə edirlər ki, qış aylarında qar yağmasına baxmayaraq, qapalı məkanların mütəmadi havalandırılması, əllərin yuyulması və immuniteti gücləndirən qidalanma vərdişləri davam etdirilməlidir. Qar havanı qısa müddətlik təmizləyə bilər, lakin xəstəliklərdən qorunmanın əsas yolu yenə də düzgün profilaktikadır.
Tərcümə: Könül Oruc