Həddindən artıq spirtli içki qəbulu sağlam insanlarda belə ürək ritminin pozulmasına səbəb ola bilər. Mütəxəssislər bu vəziyyəti “bayram ürək sindromu” adlandırır.
E-saglam.az xəbər verir ki, asılılıq üzrə mütəxəssis Ruslan İsayev aif.ru-ya bildirib ki, spirtli içkidən sonra qəfil başlayan və nizamsız ürək döyüntüsü bu sindromun əsas əlamətlərindən biridir. Ən çox qulaqcıqların fibrilasiyası ilə müşayiət olunur.
Ekspertin sözlərinə görə, alkoqol ürək hüceyrələrinə birbaşa toksik təsir göstərir və onların elektrik keçiriciliyini pozur. Eyni zamanda sidikqovucu təsiri səbəbilə ürək ritminin sabitliyi üçün vacib olan kalium və maqneziumu bədəndən xaric edir. Sinir sisteminin həddindən artıq stimullaşması isə ürək döyüntülərinin daha da nizamsızlaşmasına yol açır.
Adətən ziyafətdən sonra səhər saatlarında və ya gecə yarısı ortaya çıxan əsas simptomlara nizamsız və güclü ürək döyüntüsü hissi, nəfəs darlığı, başgicəllənmə, zəiflik, sinə nahiyəsində ağrı və narahatlıq, eləcə də tərləmə və həyəcan daxildir.
Risk qrupuna əsasən vaxtaşırı çox miqdarda spirtli içki qəbul edən şəxslər, xüsusilə həftəsonları içkiyə üstünlük verənlər və ürək problemi olduğunu bilməyən insanlar daxildir.
Mütəxəssis qeyd edir ki, bu vəziyyət bəzi hallarda 12–24 saat ərzində öz-özünə keçə bilər. Lakin sindrom təhlükəsiz hesab olunmur. Ürəkdə qan laxtalarının yaranma riski insult ehtimalını artırır, təkrarlanan epizodlar isə xroniki aritmiyaya səbəb ola bilər. Bundan əlavə, bu vəziyyət ürək tutması və ya miokarditlə də səhv salına bilər.
Tərcümə: Könül Oruc