Yeni elmi araşdırma qucaqlaşma zamanı hiss etdiyimiz rahatlıq və təhlükəsizlik duyğusunun təsadüfi olmadığını göstərir. Alimlər müəyyən ediblər ki, bədənimizin temperaturu hiss etmə qabiliyyəti – elmi adı ilə termosepsiya – özümüzü necə dərk etdiyimiz və psixoloji sağlamlığımız üçün mühüm rol oynayır.
E-saglam.az xəbər verir ki, “Trends in Cognitive Sciences” jurnalında dərc olunan tədqiqat Queen Mary Universitetindən Dr. Laura Crucianelli və Pavia Universitetindən professor Gerardo Salvato tərəfindən aparılıb. Araşdırmaya görə, soyuq və ya isti mühitlərdə yaşadığımız fiziki hisslər beynə bədənimizin varlığı haqqında güclü siqnallar göndərir və “mən bu bədəndəyəm” duyğusunu möhkəmləndirir.
Tədqiqat göstərir ki, isti toxunuş xüsusilə sosial təmasla – məsələn, qucaqlaşma ilə – birləşdikdə təsir daha da güclənir. İsti təmas beynin özünüdərk və daxili hisslərə cavabdeh olan sahələrini aktivləşdirir, eyni zamanda “sevgi hormonu” kimi tanınan oksitosinin ifrazını artırır. Bu isə stressin azalmasına, insanın özünü daha təhlükəsiz və rahat hiss etməsinə səbəb olur.
Alimlər bildirirlər ki, məhz bu mexanizm qucaqlaşmanın niyə sakitləşdirici və xoş təsir bağışladığını izah edir. İsti və sosial toxunuş bədənlə beyin arasında əlaqəni gücləndirərək psixoloji rifahı dəstəkləyir.
Araşdırmanın nəticələri tibb və texnologiya sahəsində də yeni imkanlar açır. Məsələn, protezlərə istilik hissinin əlavə olunması istifadəçilərin onları bədənlərinin bir hissəsi kimi qəbul etməsini asanlaşdıra bilər. Eyni zamanda, temperatur əsaslı sensor terapiyalar psixi sağlamlıq problemlərinin müalicəsində yeni yanaşmaların yaranmasına töhfə verə bilər.
Mütəxəssislər vurğulayırlar ki, bu tapıntılar sosial təmasın və sadə bir qucaqlaşmanın belə insanın fiziki və ruhi sağlamlığı üçün nə qədər vacib olduğunu bir daha sübut edir.
Tərcümə: Könül Oruc