Alimlər hamiləliyin ən mürəkkəb və az öyrənilmiş mərhələlərindən birinə işıq sala biləcək mühüm elmi nailiyyət əldə ediblər.
E-saglam.az xəbər verir ki, Kembricdəki Babraham İnstitutunda aparılan tədqiqatda laboratoriya şəraitində süni uşaqlıq astarı – endometrium yaradılıb və süni mayalanmadan sonra bağışlanan embrionlar bu toxumaya yerləşdirilib.
Araşdırma zamanı könüllülərdən götürülən uşaqlıq toxuması hüceyrələri ilə formalaşdırılan bu süni mühit embrionların təbii prosesdə olduğu kimi implantasiya olunmasına imkan verib. Embrionlar implantasiyadan sonra hamiləlik testinin müsbət olmasını göstərən əsas hormonlardan biri olan hCG-ni ifraz etməyə başlayıblar.
Mütəxəssislər bu inkişafı düşüklərin səbəblərini daha yaxşı anlamaq və in-vitro mayalanma (IVF) müalicələrinin uğur faizini artırmaq baxımından mühüm addım kimi qiymətləndirirlər. İndiyə qədər hamiləliyin bu erkən mərhələləri yalnız məhdud müşahidələrlə araşdırıla bilirdi. Yeni model isə embrionla uşaqlıq divarı arasındakı mürəkkəb qarşılıqlı əlaqələri real vaxtda izləməyə imkan yaradır.
The Guardian qəzetinə görə, tədqiqatın baş müəllifi Dr. Peter Rugg-Gunn nəticələri “inanılmaz” adlandırıb və bu yanaşmanın yeni elmi araşdırmalar üçün geniş imkanlar açdığını bildirib. Xüsusilə plasentanın formalaşması zamanı baş verən siqnal pozuntularının öyrənilməsi gələcəkdə hamiləlik ağırlaşmalarının qarşısının alınmasına kömək edə bilər.
Qeyd olunur ki, embrionların təxminən yarısı uşaqlıq divarına implantasiya olunmur və bu, IVF müalicələrində ən böyük problemlərdən biri sayılır. Yeni eksperimental model implantasiya uğursuzluqlarını hüceyrə səviyyəsində araşdırmağa şərait yaradır və daha effektiv müalicə üsullarının inkişafına ümid verir.
Təcrübələr mayalanmadan sonra 14-cü günə qədər aparılıb ki, bu da embrion tədqiqatları üçün mövcud qanuni limit hesab olunur. Mövcud qaydalara əsasən bu müddətin aşılmasına icazə verilmir.
Tərcümə: Könül Oruc