Qan şəkərinin qalxması təkcə nə yediyimizlə bağlı deyil. Mütəxəssislər bildirirlər ki, yeməkdən sonrakı davranışlar da bu prosesə birbaşa təsir edir. Doğru addımlar atıldıqda qəfil şəkər yüksəlmələrinin qarşısını almaq mümkündür.
E-saglam.az xəbər verir ki, yeməkdən sonra qısa müddətli hərəkət ən təsirli üsullardan biridir. Diyetoloqların sözlərinə görə, 10 dəqiqəlik yüngül gəzinti əzələlərin qandakı qlükozanı daha sürətli istifadə etməsinə kömək edir. Bu da şəkərin qanda yığılmasının qarşısını alır. Evdə qab yumaq, masanı yığışdırmaq və ya pilləkən qalxmaq da oxşar effekt yarada bilər.
Su içmək də qan şəkərinin balansında mühüm rol oynayır. Su birbaşa şəkəri aşağı salmasa da, qlükozanın qandakı konsentrasiyasını azaldır və böyrəklərin artıq şəkəri bədəndən çıxarmasını asanlaşdırır. Yeməkdən sonra kifayət qədər su içmək metabolik tarazlığı dəstəkləyir.
Yeməyi liflə zəngin qida ilə bitirmək isə qlükoza yüksəlişini yumşaldır. Mütəxəssislər çiyələk, alma, çia toxumu kimi lifli seçimlərin karbohidratın udulmasını yavaşlatdığını bildirirlər. Şirniyyat istəməyənlər üçün kimçi və ya turşu kimi fermentləşdirilmiş qidalar da yaxşı alternativ sayılır.
Mütəxəssislərin fikrincə, bu sadə vərdişlər uzunmüddətli perspektivdə qan şəkəri nəzarətini asanlaşdırır və ümumi sağlamlığı qorumağa kömək edir.
Tərcümə: Könül Oruc