Tibbi xəbərlər
Dövrün yeni təhlükəsi: “Popkorn beyni” nədir və
Tibbi xəbərlər
10

Dövrün yeni təhlükəsi: “Popkorn beyni” nədir və ondan necə qorunmaq olar?

Daimi bildirişlər, fasiləsiz yenilənən xəbər lentləri və qısa videolarla dolu rəqəmsal mühit bir çox insanda zehni yorğunluq, diqqət dağınıqlığı və daxili narahatlıq yaradır. Son illərdə bu halı təsvir etmək üçün “popkorn beyni” anlayışı daha tez-tez işlədilir.

E-saglam.az xəbər verir ki, popkorn beyni tibbi diaqnoz deyil, rəqəmsal dövrdə beynin daimi stimullaşdırmaya məruz qalmasını ifadə edən metaforadır. Bu vəziyyətdə düşüncələr sanki popkorn kimi ard-arda “partlayır”, uzunmüddətli diqqət və sakit fəaliyyətlər isə çətin və darıxdırıcı görünməyə başlayır.

Araşdırmalar göstərir ki, beyin yeniliyi sevir. Hər yeni mesaj, bildiriş və ya video dopamin ifrazını artırır və bu, növbəti stimulu axtarma vərdişini gücləndirir. Sosial media və xəbər platformaları da məhz bu mexanizm üzərində qurulduğu üçün beyin zamanla fasiləsiz stimullaşdırmanı “normal” qəbul edir.

Mütəxəssislər bildirir ki, çoxtapşırıqlılıq illüziyası vəziyyəti daha da ağırlaşdırır. Tapşırıqlar arasında tez-tez keçid diqqəti parçalayır, zehni yükü artırır və diqqət yorğunluğuna səbəb olur. Diqqət azaldıqca yeni yayındırıcılar daha cəlbedici görünür.

Popkorn beyni adətən sakit otura bilməmək, telefonsuz narahatlıq hissi, uzun mətn və ya filmləri bitirə bilməmək, zehni “vızıltı” və yuxu problemləri ilə özünü göstərir. Bu əlamətlər davamlı olarsa, mütəxəssisə müraciət etmək tövsiyə olunur.

Mütəxəssislərə görə, bu vəziyyətin qarşısını almaq mümkündür. Gün ərzində qısa rəqəmsal fasilələr vermək, lazımsız bildirişləri söndürmək, eyni anda yalnız bir işə diqqət yetirmək və ekransız vaxtlar müəyyənləşdirmək beynin yenidən tarazlanmasına kömək edir. Gəzinti, üz-üzə ünsiyyət, diqqətlilik məşqləri və yatmazdan əvvəl ekranlardan uzaq durmaq da diqqətin bərpasında mühüm rol oynayır.

Məqsəd texnologiyadan tam imtina deyil, diqqəti yenidən nəzarətə almaq və beyni daimi stimullaşdırma dövründən çıxarmaqdır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun