Dondurucu temperaturda uzun müddət qalmaq yalnız hipotermiya ilə deyil, həm də ağır donvurma ilə nəticələnə bilər. Bu vəziyyət amputasiyaya, hətta ölümə qədər aparıb çıxara bilər.
E-saglam.az xəbər verir ki, Perm şəhəri 2 nömrəli Poliklinikanın Travmatologiya və Ortopediya şöbəsinin müdiri Natalya Verxovskaya açıqlamasında donvurmanın ağırlıq dərəcələrini və ilk tibbi yardımın necə göstərilməli olduğunu izah edib.
Mütəxəssisin sözlərinə görə, donvurmanın dörd dərəcəsi mövcuddur. İlk əlamətlər – karıncalanma, yanma hissi və dərinin solğunlaşması soyuğa məruz qaldıqdan bir neçə saat sonra ortaya çıxa bilər. Lakin zədənin real ağırlığı çox vaxt isinmədən sonra, reaktiv dövrdə aydın olur.
Birinci dərəcəli donvurma zamanı dəridə şişkinlik, qaşınma və mərmərəbənzər görünüş yaranır. Bu halda vəziyyət adətən 5–7 gün ərzində yaxşılaşır. İkinci dərəcədə isə suluqlar, mavimsi şişkinlik müşahidə olunur və sağalma prosesi 2–4 həftə davam edə bilər.
Üçüncü və dördüncü dərəcələr ən təhlükəli sayılır. Bu mərhələlərdə dəri və əzələlərin bütün qatlarında nekroz inkişaf edir, quru və ya yaş qanqrena riski artır. Bu isə orqanizmin ağır zəhərlənməsinə və ölümcül fəsadlara səbəb ola bilər. Həkim bu hallarda təcili tibbi yardımın vacibliyini xüsusi vurğulayıb.
Donvurma zamanı zərərçəkənə isinmək məqsədilə spirt verilməsi qəti qadağandır. Don vurmuş nahiyələri, xüsusilə qarla, güclü şəkildə ovuşdurmaq və ya odun, radiatorun yanında qəfil isitmək də təhlükəlidir. Bu cür müdaxilələr mikrotravmalara, infeksiyaya və toxuma zədəsinin dərinləşməsinə səbəb ola bilər.
Zərərçəkən mümkün qədər tez isti bir məkana aparılmalı, daxildən isinməsi üçün isti içki və ya yemək verilməlidir. Don vurmuş ətraflara istilik saxlayan sarğılar çəkilməli və dərhal həkimə müraciət olunmalıdır.
Verxovskaya əlavə edib ki, donvurma təkcə çox aşağı temperaturla deyil, güclü külək, yüksək rütubət və zəifləmiş immun sistem fonunda da yarana bilər. Qarşısının alınması üçün qat-qat, boş geyim geyinmək, uzun müddət soyuqda qalmamaq və donma temperaturunda çölə çıxmazdan əvvəl spirtli içkilərdən tam imtina etmək tövsiyə olunur.
Tərcümə: Könül Oruc