Diş itkisinin təkcə estetik məsələ kimi qəbul edilməsinin yanlış olduğunu bildirən Protez Stomatologiyası üzrə mütəxəssis, mühazirəçi Yaren Dilci Halmedov bu problemin həm ağız sağlamlığına, həm də ümumi həyat keyfiyyətinə ciddi təsir göstərdiyini vurğulayıb.
E-saglam.az xəbər verir ki, mütəxəssis diş itkisinin funksional və sistem təsirləri, mövcud müalicə variantları və erkən diaqnozun əhəmiyyəti barədə məlumat verib.
Halmedov bildirib ki, diş itkisi cəmiyyətdə geniş yayılmış mühüm sağlamlıq problemidir. Onun sözlərinə görə, diş itkisi çeynəmə, danışma və qidalanma funksiyalarını pozur, bu da insanın gündəlik həyat keyfiyyətinə birbaşa təsir edir. Buna görə də problem yalnız görünüş baxımından deyil, funksional və sağlamlıq aspektlərindən də qiymətləndirilməlidir.
Mütəxəssis qeyd edib ki, diş itkisinə ən çox diş çürümələri və diş əti xəstəlikləri səbəb olur. Bundan əlavə, travmalar, ağız və diş baxımına laqeyd yanaşma, siqaret çəkmə, bəzi sistem xəstəlikləri və yaş faktoru da riski artıran əsas amillər sırasındadır. Xüsusilə diş əti xəstəlikləri uzun müddət gizli irəliləyə və fərq edilmədən diş itkisinə gətirib çıxara bilər.
Yaren Dilci Halmedov xəbərdarlıq edib ki, diş itkisi nəticəsində yaranan boşluqlar zamanla digər dişlərin yer dəyişməsinə səbəb olur. Qonşu dişlər boşluğa doğru əyilə, qarşı çənədəki dişlər isə uzana bilər. Bu vəziyyət dişləmə pozğunluqlarına və nəticədə həzm sistemi problemlərinə yol aça bilər.
Müalicə imkanlarına toxunan mütəxəssis bildirib ki, bu gün diş itkisi üçün bir çox effektiv protez variantı mövcuddur. Tək diş itkisi hallarında ən çox implant dəstəkli protezlərə üstünlük verilir. İmplant üçün uyğun olmayan hallarda isə körpü protezləri tətbiq oluna bilər. Bir neçə diş itkisi zamanı da implant dəstəkli protezlər əsas seçim hesab edilir. İmplantın mümkün olmadığı hallarda çıxarıla bilən qismən protezlərdən istifadə oluna bilər. Tam dişsizlik zamanı isə All-on-X metodu və ya damaq protezləri tətbiq edilir.
Halmedov vurğulayıb ki, diş itkisinin qarşısını almaq mümkündür və bunun əsas yolu erkən diaqnoz və düzgün ağız baxımıdır. Onun sözlərinə görə, dişlər gündə ən azı iki dəfə fırçalanmalı, diş ipi və dişarası fırçalardan istifadə edilməlidir. Mütəmadi diş müayinələri isə erkən mərhələdə çürük və diş əti problemlərini aşkarlamağa imkan verir və dişlərin çəkilmədən qorunmasına kömək edir.
Mütəxəssis qeyd edib ki, erkən diaqnoz və vaxtında müalicə diş itkisinin qarşısını almaqda əsas açar rolunu oynayır.
Tərcümə: Könül Oruc