Qidalanma
Çəki problemi olan insanların etdiyi
Qidalanma
10

Çəki problemi olan insanların etdiyi böyük səhv

Çəki problemi olan insanların ən çox yol verdiyi böyük səhv sürətli nəticə axtarışıdır. Son dövrlər tez arıqlama vəd edən çaylar, təcili pəhrizlər, monoton qidalanma proqramları və detoks metodları geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu üsullar bədənin təbii tarazlığını pozur və ciddi sağlamlıq riskləri yarada bilər.

E-saglam.az xəbər verir ki, endokrinologiya və maddələr mübadiləsi xəstəlikləri üzrə mütəxəssis Prof. Dr. Ela Temeloğlu bildirir ki, “tez arıqlamaq istəyirəm” düşüncəsi insanları peşəkar dəstək olmadan təhlükəli üsullara yönəldir. Halbuki sağlam və davamlı çəki itkisi yalnız tibbi müayinələrdən sonra planlaşdırılan fərdi qidalanma və həyat tərzi dəyişiklikləri ilə mümkündür.

Arıqlama çayları və qəhvələri çox vaxt tərkibi və dozası dəqiq bilinməyən maddələr ehtiva edir. Bu məhsullar lazımi laborator və klinik sınaqlardan keçmədiyi üçün yan təsirləri yüksək ola bilər. Bağırsaq hərəkətlərini sürətləndirməklə “yağ yandırdığı” iddia edilən bu vasitələr hormon balansını poza, qaraciyərə zərər verə və nəzarətsiz istifadə edildikdə ciddi fəsadlara yol aça bilər.

“21 günə arıqlama” kimi vədlərin isə elmi əsası yoxdur. Çəki itkisi hər kəsdə fərqli gedir və sürətli arıqlama əsasən yağ deyil, əzələ itkisinə səbəb olur. Bu zaman elektrolit və mineral çatışmazlığı yarana, ürək və böyrək funksiyaları pozula bilər. Üstəlik, qısa müddətdə itirilən çəki çox vaxt daha sürətlə geri qayıdır.

Mütəxəssislər vurğulayır ki, pəhriz prosesi tələsmədən, ən azı bir il ərzində mərhələli şəkildə aparılmalıdır. “Hər kəs üçün eyni pəhriz” anlayışı yanlışdır. Qidalanma proqramı fərdi olmalı, heç bir qida qrupu tam kənarlaşdırılmamalıdır. Detoks və monoton pəhrizlər isə arıqlama deyil, sağlamlıq problemləri yarada bilər.

Sağlam çəki itirmək üçün əsas şərt prosesə başlamazdan əvvəl tibbi müayinədən keçmək, balanslı qidalanmaq, kifayət qədər hərəkət etmək və mütəxəssis nəzarətində irəliləməkdir. Yalnız bu halda çəki itkisi həm sağlam, həm də qalıcı ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun