“Ağız marçıldatma” və “saat tıqqıltısı” kimi səslərə qarşı həddindən artıq həssas olanların diqqətinə. Mütəxəssislər bildirirlər ki, misofoniya adlanan bu vəziyyət insanın gündəlik həyat keyfiyyətini və psixoloji rifahını ciddi şəkildə poza bilər.
E-saglam.az xəbər verir ki, Zonguldak Bülent Ecevit Universiteti Xəstəxanasının Ruhi Sağlamlıq və Xəstəliklər üzrə mütəxəssisi professor Dr. Nuray Atasoy qeyd edir ki, misofoniya ən çox çeynəmə, udma, ağız marçıldatma, qələm tıqqıltısı və saat tıqqıltısı kimi gündəlik səslərə qarşı həddindən artıq reaksiya ilə özünü göstərir. Bu səslər bəzi insanlarda güclü narahatlıq, qəzəb və ikrah hissi yarada bilər.
Mütəxəssis vurğulayır ki, misofoniya xəstəlik hesab edilmir, lakin doğuşdan və ya yeniyetməlik dövründə ortaya çıxa bilər. Bəzi hallarda eyni ailədə bir neçə insanda müşahidə olunur. Şiddətli hallarda insanlar bu səslərin olduğu mühitlərdən qaçmağa başlayır, bu isə narahatlıq pozğunluğuna və hətta depressiyaya yol aça bilər.
Atasoyun sözlərinə görə, bu səslərə məruz qaldıqda tərləmə, titrəmə, qızarma və stressə bağlı qan təzyiqinin yüksəlməsi kimi fizioloji reaksiyalar yarana bilər. Bu vəziyyət ailədaxili münasibətlərə, sosial həyata və təhsil prosesinə mənfi təsir göstərə bilər.
Mütəxəssis bildirir ki, yüngül hallarda dərman müalicəsinə ehtiyac olmur. Belə şəxslər zamanla diqqəti başqa yerə yönəltməklə və səsdən yayınmaqla vəziyyətə uyğunlaşa bilirlər. Daha ağır hallarda isə psixo-təhsil, koqnitiv yanaşmalar və psixoloji dəstək üsulları tətbiq oluna bilər.
Professor Dr. Nuray Atasoy vurğulayır ki, misofoniya həm qadınlarda, həm də kişilərdə oxşar tezlikdə rast gəlinir. Əgər bu həssaslıq insanın gündəlik həyatını, münasibətlərini və rifahını pozursa, mütəxəssisə müraciət etmək tövsiyə olunur.
Tərcümə: Könül Oruc